AZ   |   RU
Azərbaycan yeni müharibəyə hazırlaşır? – Yunan mətbuatı regionda gözlənilən toqquşma barədə yazdı

“Azərbaycan və Ukrayna Rusiyanı güzəştə getməyə məcbur etmək üçün eyni vaxtda hərbi əməliyyatlara başlaya bilərlər…”

Son günlər Cənubi Qafqazda hərbi aktivliyin artacağı, Azərbaycanla Ermənistan arasında yeni toqquşmaların baş verəcəyi barədə xəbərlər yayılır.

Region mətbuatı və siyasi analitiklərlə yanaşı, dünya mediası və nüfuzlu siyasətçilər lokal toqquşmalar ehtimalının hələ də qaldığını iddia edirlər. Bir çox analitiklər iddialarını Ermənistanın öz öhtəliklərini yerinə yetirməməsi və 10 noyabr üçtərəfli bəyanatının tam icra edilməməsi ilə əsaslandırırlar.

Amma yunan analitik Pol Antonopulos Yunanıstanın “Greek City Times” qəzetində dərc etdiyi məqalədə fərqli mövqe ortaya qoyub. Onun iddiasına görə, Azərbaycan Ermənistanın Sünik (Zəngəzur) vilayətini tamamilə nəzarətə götürməyə çalışır.

Sitat: “Azərbaycan Ordusu Sünik ərazisini nəzarətə götürmək üçün işlərə başlayacaq. Azərbaycan Süniki nəzarətə götürsə, yalnız Naxçıvanla quru yolu ilə əlaqə deyil, eyni zamanda, Türkiyəni neftlə zəngin Xəzər dənizi və Orta Asiya ilə birləşdirmək imkanı əldə edəcək”, - sitatın sonu. 

  Analitik, Prezident İlham Əliyevin “Zəngəzur dəhlizi” barədə səsləndirdiyi fikirlərdən sitat gətirib. 

Sitat: “Prezident  İlham Əliyev deyir ki, indi Ermənistan Zəngəzur dəhlizinin icrasına əngəl törətmək istəyir. Amma nail ola bilməyəcək. Məcbur edəcəyik onları”, - sitatın sonu. 

Pol Antonopulos, Azərbaycanın yeni müharibəyə hazırlaşdığı barədə xəbərlərin tirajlanma vaxtına və Rusiyanın regiondan sıxışdırılma planına diqqət çəkib. 

Sitat: “Azərbaycanın yeni müharibəyə başlayacağı barədə ortaya atılan fərziyələr, Ukraynanın Donbasdakı silahlı qruplara qarşı hücumu ilə eyni vaxtda yayılır. Türkiyənin yaxın müttəfiqləri olan Azərbaycan və Ukrayna Rusiyanı güzəştə getməyə məcbur etmək üçün eyni vaxtda hərəkətə keçə bilərlər. Türkiyə, Krımın Rusiya tərəfindən işğal edildiyini, həmin ərazilərin Ukraynaya məxsus olduğunu və Krım tatarlarının sıxışdırıldığını iddia edir. Bundan əlavə, Türkiyə Ukrayna ordusunu pilotsuz təyyarələrlə təchiz edir, habelə Ermənistanın öhdəliklərini yerinə yetirməyəcəyi təqdirdə hərəkətə keçəcəyini bildirir”, - sitatın sonu.   

Pol Antonopulos iddia edir ki, Azərbaycan və Ukranya eyni anda hərbi əməliyyata başlayarsa, Rusiya iki cəbhədə mübarizə aparmalı olacaq. 

Sitat: “Çox güman ki, Türkiyə Azərbaycan və Ukraynanı Rusiyadan güzəştlər almaq üçün eyni vaxtda hərəkətə keçməyə çağıracaq. Bununla, Ermənistanı Azərbaycanla Naxçıvan arasında nəqliyyat dəhlizini açmağa məcbur edəcəklər”. 

Analitik, Ermənistanın baş naziri Nikol Paşinyanın Ermənistanın üzünü qərbə çevirməyə cəhd göstərdiyini və Rusiyanın buna qarşı çıxdığına da diqqət çəkib. 

Sitat: “Nikol Paşinyan Ermənistanın üzünü Qərbə çevirmək istəyir. Moskva isə Ermənistan ordusunu yenidən qurmaq, silahlarla təchiz etmək fikirindədir. Ermənistanın müdafiə naziri Vaqarşak Harutyunyan “RİA Novosti”yə  müsahibəsində bildirmişdi ki, Ermənistanda hərbi islahatlara start verilib və rus tərəfdaşları bu prosesdə birbaşa iştirak edirlər. Onun sözlərinə görə, islahatlar əsasən idarəetmə, kəşfiyyat sistemləri, radioelektron müharibə, hava hücumundan müdafiə, pilotsuz təyyarələr, raket qüvvələri və topçuların inkişafına yönəldiləcək”, - sitatın sonu. 

Yunan siyasi şərhçi Prezident İlham Əliyevin Rusiyanın Ermənistan ordusunu yenidən qurmaq planına verdiyi reaksiyanı da məqaləsində vurğulayıb.   

O bildirib ki, İlham Əliyev, “Rusiya Ermənistan ordusunu yenidən qurmağa kömək etməməlidir” deyib. 

Elvin
Missiya.Az


  • 11-03-2021, 16:09