Ötən gün “Caliber” saytı Rusiyanın Ermənistana silah sursat tədarükü bərpa etdiyini və Smerç MLRS üçün çoxlu sayda raket göndərdiyi barədə məlumat yaymışdı. Moskvadan əlavə Fransa və Hindistan da Ermənistanı silahlandırır. Çox ehtimal ki, İrəvan hakimiyyəti növbəti eskalasiyaya hazırlaşır və bunun üçün silah idxalını genişləndirməyə başlayıb. Bəs Azərbaycanın strateji müttəfiqi Rusiyanın belə bir situasiyada Ermənistana silah göndərməkdə məqsədi nədir?
Mövzu ilə bağlı Missiya.Az-a açıqlama verən siyasi şərhçi Asif Nərimanlı bildirib ki, Ermənistan hazırda Qərb və Rusiyanın mübarizə poliqonuna çevrilib:
“Moskvanın İrəvana yenidən silah göndərməsi də bu mübarizədən qaynaqlanır. Çünki Ermənistanın silahlandırılmasında Rusiyanın payı təxminən 90 faizdən 10 faizə qədər düşüb, əvəzində Qərb ölkələri onun yerini doldurur. Qərbdə əsasən Fransa Ermənistana silah göndərsə də, rəsmi Paris həm də digər ölkələrin silahlarını İrəvana çatdırır. Misal üçün, ABŞ və Almaniya istehsalı olan silahlar məhz Fransa vasitəsilə ermənilərə verilir. O cümlədən, Fransa prezidenti Emmanuel Makron administrasiyası Hindistan silahlarının da İrəvana verilməsində lobbiçilik işini görür. Qərbin məqsədi Rusiyanı Ermənistandan çıxarmaq və onun yerini tutmaqdır. Rusiya isə görünür, daha əvvəl imzalanmış müqaviləyə əsasən silah partiyasını göndərməklə Ermənistan ordusu üzərində təsir imkanlarını saxlamağa çalışır. İrəvan hərbi və siyasi baxımdan Moskvadan uzaqlaşsa da, iqtisadi baxımdan bu mümkün deyil”.
Asif Nərimanlı qeyd edib ki, birincisi, Rusiya olmadan Ermənistan iqtisadiyyatının mövcudluğu çətin olacaq, eyni zamanda, Paşinyan Qərbdən istədiyi iqtisad dəstəyi ala bilmədi. İkincisi, Ermənistan üçün əsas bazar Rusiya və Avrasiya İqtisadi İttifaqına daxil olan ölkələrdir. Moskva ilə bütün körpüləri yandırmaq bu bazardakı mövqelərinə də təsir edəcək.
Üçüncüsü və mövcud vəziyyətdə əsas məqam Rusiyanın sanksiyalardan yayınmasında Ermənistanın oynadığı rol və əldə etdiyi qazancdır. Ermənistan son iki ildə Rusiyaya sanksiyalardan yayınmağa kömək etməklə milyardlarla dollar gəlir əldə edib:
“Bu vəziyyətdə Ermənistan Rusiyadan tamamilə uzaqlaşa bilmir, əvəzində, hərbi və siyasi əməkdaşlıqda Qərblə daha çox işləyir. Rusiya da anlayır ki, iqtisadi maraqlara görə Ermənistan tamamilə onu tərk etməyəcək, amma hərbi əməkdaşlıqdakı mövqelərini itirmək də istəmir. Ona görə silahların göndərilməsinə yenidən start verib. Təbii ki, bu vəziyyət Azərbaycan-Rusiya münasibətlərinə mənfi təsir göstərə bilər. Çünki Ermənistana verilən hər güllə bu ölkədə Azərbaycana qarşı revanşizmi körükləyir”, - deyə siyasi şərhçi vurğulayıb.
Daşqın Həsənov
Missiya.Az