
Yay fəsli daxil olanda insanlar çimərliklərə üz tuturlar. Kimisi qaydalara riayət edərək təhlükəsiz istirahət edir, bəziləri isə qadağan olunmuş çimərliklərə gedərək və lazımsız davranışlara yol verərək həyatlarını oyuncağa çevirirlər. Təəssüf ki, hər il çimərlik mövsümündə dənizdə boğulma halları yaşanır.
Təhlükəsizlik eksperti Elmar Nurəliyev Missiya.Az-a açıqlamasında deyib ki, sözügedən məkanlarda təhlükəsizlik qaydalarına ciddi riayət edilməlidir:
“Öncə çimərlik seçərkən hansılarının fəaliyyətinə icazə verilir, onları araşdırmaq lazımdır. Hər il mövsüm başlamadan əvvəl aidiyyəti qurumlar tərəfindən həmin ərazilərə baxış keçirilir. Həm sudan fiziki, kimyəvi və bakterioloji nümunələr götürülür. Habelə insanların sağlamlığı üçün təhlükə riski varsa sualtı baxışlar keçirilir, sualtı axınlar, yarğanlar, suyun dibi və relyefi öyrənilir. Əgər təhlükə varsa bu çimərliklərin fəaliyyətinə icazə verilmir. İcazəli çimərliklərdə xilasetmə xidmətləri olur, boğulma təhlükəsi yaşandıqda qeyd edilən xidmətlər insanların köməyinə çatır. Dünya üzrə sularda hər il 400 minə yaxın insan boğularaq həyatını itirir. Statistikaya onların 98%-dən çoxu nəzarətsiz çimərliklərdə baş verir”.

Elmar Nurəliyev bildirib ki, spirtli içki qəbul edib suya daxil olmaq yalnışdır:
“Özü ilə kiçik həcmli gəmi, qayıq və s. gətirmək, məhdudlaşdırıcı hüdudlara getmək yolverilməzdir. Bəzi insanlar daha uzaq yerlərə, dərin məsafələrə üzür, saatlarla suda vaxt keçirir, daş, qaya, dəmir konstruksiyalarının üzərinə çıxaraq suya baş vururlar və beləliklə həyatlarını riskə atırlar. Valideynlər xüsusilə uşaqları çimərlikdə nəzarətsiz qoymasınlar. Küləyin sürəti saniyədə 10-12 metrdən artıq olanda çimərliyə getməyin”.
Zərintac Mayisqızı
Missiya.Az