AZ   |   RU
Qubadlı rayonunun işğal və azadlıq tarixi

Vətən torpağının hər daşı, qayası insan övladı üçün müqəddəsdir, əzizdir. Saf bulaqları, göz oxşayan meşələri və təmiz havası ilə Vətənimizin dilbər guşələrindən biri də Qubadlı rayonudur. Qubadlı rayonu tarixən qorxmaz, qəhrəman oğullar yurdu olmuşdur.İnsanları istiqanlı, mehriban, qonaqpərvərliyi ilə həmişə başqa bölgələrə nümunə olmuşdur. Zamanın bir çox sınaqlarından üzüağ çıxan Qubadlı rayonu bir sıra tarixi hadisələrin şahidi olmuşdur.

Qubadlı rayonu Azərbaycan Respublikasının cənub qərbində yerləşir. Relyefi əsasən dağlıqdır. Rayon qərbdən 120 km məsafədə Ermənistan Respublikası ilə, şimaldan Laçın rayonu, Xocavənd rayonu, şərqdən Cəbrayıl rayonu, cənubdan isə Zəngilan rayonu ilə həmsərhəddir. Kəndlərin əksər hissəsi Həkəri və Bərgüşad çayları ətrafında yerləşir. Rayonda əsasən qəhvəyi dağ-meşə torpaqları yayılmışdır. “Yazı düzü”, “Gəyən” və ”Məzrə” adlanan düzləri bol məhsullu torpaqlardır. Ümumilikdə, rayonda 79812 hektar torpaq fondu vardır. İşğala qədər  bundan 14956 hektarı əkin, 850 hektarı çoxillik bitgi, 631 hektarı biçənək, 17192 hektarı örüş-otlaq, 543 hektarı həyətyanı, 13160 hektarı meşə, 582 hektarı bağ və üzümlüklər idi. Rayonun ərazisində Bərgüşad, Həkəri və onların qolları (Ağa çayı, Kiçik Həkəri, Meydandərəsi və.s) axır. İşğaldan öncə Qubadlıda 13160 hektar meşə sahəsi olub. Rayonun ərazisi təbii dərman bitgiləri ilə zəngindir.

Qubadlı rayonu 31 avqust 1993-cü il tarixində, o vaxtlar respublikada gedən hərcmərciliyin qurbanı olmuşdur. Belə ki, erməni qəsbkarları tərəfindən rayon işğal olunmuşdur. İşğal nəticəsində rayondan 29997 nəfər məcburi köçkün respublikanın müxtəlif yaşayış məntəqələrində müvəqqəti yerləşdirilmişdir. 94 yaşayış məntəqəsi, 7278 fərdi yaşayış evi, 64 inzibati bina, 148 sosial obyekti, 161 mədəniyyət obyekti, 7 məsçid, 16 körpü dağıdılmış və yararsız vəziyyətə salınmışdır. 1080 ədəd kənd təsərrüfatı obyekti, 650 km avtomobil yolu, 2 su anbarı, 150 km magistal su xətləri, 4830 km elektrik xətləri, 165 km magistral qaz boru xətti, 9 tikinti idarəsi, 4 yol idarəsi, 18 ədəd dəyirman, 4 ədəd su nasos stansiyası, 120 ədəd elektrik yarımstansiyası və transformatorlar tamamilə tağıdılmışdır.

30 ilə yaxın bir müddətdə düşmən işğalında olan rayonda nə bir salamat bina, nə də ki, yeni infrastruktur obyektinə rast gəlinməmişdir. Niyyətləri və əməlləri ancaq dağıtmaq və talamaq olan bu işğalçı qüvvələr Vətən torpağını öz yöndəmsiz çəkmələri ilə çirkləndirirdi. Vətən öz sahibini çağırırdı.

Bəli, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında  Ordumuz 27 sentyabr 2020-ci il tarixdən başlayaraq torpaqlarımızı düşməndən qarış-qarış almağa başladı. 44 gün davam edən döyüşlərdə düşmənə elə bir göz dağı verdik ki, çətin ki, birdə özlərinə gələ bilsinlər.
Başladığımız əks hücum əməliyyatı nəticəsində ilkin olaraq bir neçə rayonlarımız və ətraf kəndləri Cəbrayıl, Füzuli rayonları, Suqovuşan qəsəbəsi və digər ərazilər düşmən işğalından azad edildi. Qubadlı rayonunun azad edilməsi əməliyyatı  bir neçə gün çəkdi. Zəngilan şəhəri oktyabrın 20-də azad olunandan sonra təbii ki, növbəti istiqamət Qubadlı rayonu idi. Şəhərdə ermənilər güclü istehkamlar qurmuşdular. Yüksəkliklərdə düşmən hərbi birləşmələri yerləşmişdi. Qubadlını azad etmək üçün ilk növbədə yüksəkliklər götürülməli idi. Ona görədə Qubadlı əməliyyatı xüsusi peşəkarlıq və fədakarlıq tələb edirdi. Azərbaycan Ordusunun qəhrəmanlığı və sayıqlığı nəticəsində ilk növbədə, şəhərə hakim olan yüksəkliklər götürüldü, ətrafda yerləşən kəndlər, o cümlədən Xanlıq qəsəbəsi, Padar, Sarıyataq, Mahmudlu kəndləri götürüldü və strateji yüksəkliklər ələ keçirildi. Ondan sonra oktyabrın 25-də Azərbaycan Silahlı Qüvvələri şəhəri düşməndən azad etdilər.
 
2020- ci il 23 dekabr tarixində Prezident İlham Əliyev Qubadlıda Azərbaycan bayrağını ucaltdı. Qubadlının işğaldan azd edilməsi tarixi hadisədir. Qubadlı şəhərinin alınması Böyük Qələbəni yaxınlaşdırdı.

Bəli, qəhrəman Azərbaycan oğullarının, Qubadlıların və ən əsası Müzəffər Ali Baş Komandan İlham Əliyevin “dəmir yumruğu” hesabına Qubadlı və digər torpaqlarımız düşmən tapdağından azad edildi.

Yaş
asın qəhrəman Ordumuz, yaşasın xalqımız, yaşasın Müzəffər Ali Baş komandan!
 
Mürvət İbrahimov,
Bakı şəhəri Nizami Rayon İcra Hakimiyyətinin məsul işçisi

 
 
 
 

  • 20-10-2021, 12:33