AZ   |   RU
Xalq artisti Siyavuş Aslanın doğum günüdür


5 sentyabr teatr və kino aktyoru, komik, faciə və dramatik rolların məharətli ifaçısı, Azərbaycan SSR xalq artisti (1982), Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü (2002), "Şöhrət" (1995) və "Şərəf" (2013) ordenləri laureatı Siyavuş Aslanın doğum günüdür.

Missiya.Az xəbər verir ki, Azərbaycan realist aktyor məktəbinin nümayəndələrindən biri S. Aslan 1935-ci ilin bu günü Bakının Saray kəndində dünyaya göz açıb. 1947–1953-cü illərdə Atamoğlan Rzayevin, Ağadadaş Qurbanovun, Qurban Musayevin, Ağasəlim Manaflının dram dərnəklərində çıxış edib. 1954-cü ildə az müddət musiqili komediya estrada truppasında, 1958-ci ildə Quba Dövlət Dram Teatrında çalışıb. 1959-cu ildə Bakıya qayıdan sənətkar Azərbaycan Dövlət Musiqili Komediya Teatrının yardımçı heyətinə işə qəbul olunub. Elə həmin il Ağası Məşədibəyovun "Toy kimindir?" tamaşasında Qoşun rolunu uğurla ifa etdiyinə görə aktyor heyətinə keçirilib.



Xalq artisti uzun illər Azərbaycan Dövlət Musiqili Komediya Teatrının aparıcı aktyorlarından olub. Bir müddət həmin teatrın bədii rəhbəri kimi fəaliyyət göstərib (1994–1996) və bir çox obrazları mahir şəkildə ifa edib.

Siyavuş Aslan uzun sürən xəstəlikdən sonra 27 iyun 2013-cü ildə Bakıda vəfat edib. II Fəxri xiyabanda dəfn olunub.

Öz sevilən obrazları ilə xalqın qəlbində silinməz yer tutub. Allah rəhmət eləsin, ruhu şad olsun!




Zərintac Mayisqızı
Missiya.Az



  • 5-09-2024, 12:01