Paşinyan girov götürülə bilər - Mühafizəçilərinin sayını 1200 nəfərə çatdırdı - VİDEO
Ermənistanın baş naziri Nikol Paşinyan hərbçilər tərəfindən girov götürülə bilər.
Missiya.Az xəbər verir ki, bu barədə Ermənistan mediası hökumətdəki mənbələrə istinadən məlumat yayıb.
Mənbə bildirib ki, Paşinyan ordusu ilə yaranan gərginliyin nəticələrindən çox qorxur. Ona görə də son günlər mühafizəçilərinin sayını bir neçə dəfə artırıb, kartejinə yeni zirehli maşın əlavə edib. Hazırda Paşinyanın oturduğu hökumət evini 1200 nəfər polis əməkdaşının qoruduğu bildirilir.
Baş nazirin təhlükəsizlik tədbirlərini artırmasının əsas səbəbi hərbçilərin onu girov götürə biləcəyi ilə bağlıdır. Çünki Nikol Paşinyan bir neçə gün əvvəl dövlət çevrilişinə cəhd edən Baş Qərargah rəisi Onik Qasparyanı istefaya göndərib. Erməni mediası yazır ki, Qasparyan Paşinyana qarşı açıq həmlə etməyəcəyini, müqavimət göstərməyəcəyini, problemi hüquqi yollarla həll edəcəyini bəyan etsə də, hökumət rəhbərinin ətrafı orduya güvənmir. Bu səbəbdən, baş nazir yüksək təhlükəsizlik tədbirləri görür. Yerli media hökumət binasının ətrafında video yayaraq, Paşinyanın qorxu içində olduğunu, 1200 nəfər polisin hökumət evi ətrafında olduğunu göstərməyə çalışır. Videodan aydın olur ki, hökumət evi ətrafında çoxlu polis avtomobili və hüquq-mühafizə orqanlarının əməkdaşları var.
Qeyd edək ki, erməni mediası bir neçə gün əvvəl Paşinyanın ölüm qorxusu barədə geniş məqalələlər dərc etmişdi. Yazılarda Paşinyanın bir hökumət binasından digərinə böyük mühafizəçi ordusu ilə keçdiyi diqqətə çatdırılırdı. Qeyd edilirdi ki, baş nazir hakimiyyətə təzə gəldiyi vaxtlarda işə velosipedlə getdiyi halda, indi xalqdan qorxur və mühafizə ordusu ilə gəzir.