AZ   |   RU
İlham Əliyev Kəlbəcər rayonunda “İstisu” Müalicə-İstirahət Kompleksində aparılan tikinti işləri ilə tanış olub - YENİLƏNİB



Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva sentyabrın 2-də Kəlbəcər rayonunda “İstisu” Müalicə-İstirahət Kompleksində aparılan tikinti işləri ilə tanış olublar.

Missiya.Az "Report"a istinadən xəbər verir ki, dövlətimizin başçısına və birinci xanıma görülən işlər barədə məlumat verildi.

Bildirildi ki, 1927-ci ildə fəaliyyətə başlayan bu sanatoriya keçmiş Azərbaycan SSR-də müttəfiq əhəmiyyətli ikinci böyük kurort hesab edilirdi. Kompleksin ərazisində üç yataq korpusu, bir müalicəvi vanna xidməti binası, bir poliklinika korpusu fəaliyyət göstərirdi. Sovet dönəmində bu kurort-sanatoriya kompleksi ildə 50 min nəfəri qəbul etmək imkanına malik olub. Buraya əsasən həzm sistemi xəstəliklərinin müalicəsi üçün müraciətlər edilirdi.

Bərpa edilən “İstisu” Müalicə-İstirahət Kompleksinin ümumi sahəsi 32 min kvadratmetr olacaq. Kompleksdə 145 nömrə, eləcə də 10 kottec yaradılacaq.

Kompleksdəki SPA Mərkəzində termal hamam, müalicəvi vanna, həkim otağı, o cümlədən müxtəlif müalicəvi hovuzlar, prosedur otaqları, təzyiqli su terapiyası, masaj, buxar, duz otaqları, istirahət zonaları, gözəllik salonu mövcud olacaq. Burada müxtəlif iaşə obyektləri - restoranlar, uşaq əyləncə mərkəzi, oyun otağı, sportskafe, karaoke otağı, kafeteriya da qonaqlara xidmət göstərəcək.

“Aşağı İstisu” mənbəyindən alman mütəxəssislər tərəfindən nümunələr götürülüb, suyun analizi və testi həyata keçirilib. Aparılan analizlər və balneoloji rəylərə əsasən İstisu təbii mineral suyu fizioloji, metabolik və müalicəvi təsirlərə malikdir. Bu isə mədə-bağırsaq traktının funksional pozğunluğunun müalicəsi və həzm funksiyasının stimullaşdırılması, yaşlılarda natrium və maye çatışmazlığının, ortostatik tənzimləmə pozğunluğunun, sidik yollarında infeksiyaların müalicəsi, kalsium oksalat, sistin və sidik turşusu daşlarının profilaktikası və metafilaksisi, uşaqlarda və yeniyetmələrdə diş kariyesinin profilaktikası, eləcə də böyüklər üçün dəstəkləyici təsir baxımından çox faydalıdır.




  • 2-09-2024, 19:27