AZ   |   RU
Təhsil tələbə kreditindən necə yararlanmaq olar? – Ekspertdən açıqlama


Tələbə adını qazanmaq bir çox gəncin arzusudur. Lakin bəzən ödənişli əsaslarla universitetə daxil olan şəxslər maddi səbəblərə görə ali təhsil müəssisəsindən qeydiyyatdan keçə bilmir, nəticədə imtina etmək məcburiyyətində qalırlar. Amma müəyyən kateqoriya və şərtlər var ki, həmin şərtlərə uyğun olanlar təhsil tələbə krediti imkanından yararlana bilirlər. Məlumat üçün vurğulayaq ki, Təhsil Tələbə Krediti Fondu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 17 iyun 2021-ci il 1367 saylı fərmanı əsasında Elm və Təhsil Nazirliyinin tabeliyində yaradılıb.

Sözügedən kredit barədə, ondan istifadə qaydası haqqında Missiya.Az-a danışan təhsil eksperti Elçin Əfəndi bildirib ki, həmin kredit iki yerə ayrılır:

“Bu sosial və standart kreditlərdir. Fərqləri isə ondan ibarətdir ki, hər bir kredit növünün öz tələbə kateqoriyası vardır. Ünvanlı sosial yardım alan ailələrin üzvü olan və əlillik dərəcəsi olan tələbələr sosial tələbə kredit növündən istifadə edirlər. Digərləri isə standart tələbə kredit növündən yararlanır. Bu hər semestr üçün nəzərdə tutulub. İllik məbləğ 2 faiz hesablanır. Standart kreditdə ali təhsil ocaqlarına qəbul olan gənclər konkret şəkildə bir semestr oxumalı, akademik göstəriciləri 71 bal və üzərində olmalıdır ki, həmin şəxslərə standart kredit tətbiq edilsin. Bunun illik kredit məbləği isə 6 faiz hesablanır. İstisna hal kimi faiz o halda hesablanmaya bilir ki, tələbənin akademik göstəriciləri ümumiyyətlə çox yuxarı olur. İstər sosial, istərsə də standart kredit tələbənin özünə deyil, birbaşa nağd şəkildə universitetin hesabına köçürülür".



Ekspert tələbələrin sözügedən kredit borclarını qaytarmaq yollarını da izah edib:

“Məzun olduqdan sonra hər iki kateqoriyada onlara imkan yaradılır ki, iki il sonra borclarını ödəsinlər. Məsələn, bu ilki abituriyentlər daxil olduqları ali təhsil müəssisələrini 2028-ci ildə bitirəcəklər. Artıq 2030-cu ildən sonra artıq krediti ödəməyə başlamalıdırlar".

Zərintac Mayisqızı
Missiya.Az





  • 27-08-2024, 10:57