AZ   |   RU
Naxçıvanda seçkilərdə qadınların fəallığının yüksəldilməsinə həsr olunmuş tədbir keçirilib - FOTOLAR


Azərbaycan Respublikası Ailə, Qadın və Uşaq problemləri üzrə Dövlət Komitəsi və Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, “Bərabər İnkişaf Naminə” Koalisiyanın birgə təşkilatçılığı və Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının əməkdaşlığı ilə “Milli Məclisə seçkilərdə qadınların fəallığının yüksəldilməsi” mövzusunda görüş keçirilib.

Bu barədə Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən Missiya.Az-a məlumat verilib.

Əvvəlcə Ümummilli Lider Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

İctimai-siyasi fəallığı ilə seçilən qadınlarla görüşdə açılış nitqi ilə çıxış edən Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Ramilə Seyidova bildirib ki, bu gün qadın hüquqlarının qorunduğu Azərbaycanda seçki hüququ qanunvericiliklə təsbit olunur. 1995-ci ildə qəbul edilən Konstitusiyamızda  qeyd olunur: "Azərbaycan Respublikası vətəndaşlarının dövlət orqanlarına seçmək və seçilmək, habelə referendumda iştirak etmək hüququ vardır”. Ölkəmizdə seçki hüququ qanunla təsbit edildikdən sonra qadınların seçkili və icra orqanlarında iştirakı aktivləşib. Mövcud mənzərə qadınların seçmək və seçilmək hüququnun təmin edilməsinə görə Azərbaycanın regionda lider olduğunu göstərir. 2024-cü il sentyabrın 1-də Azərbaycan Respublikasının Milli Məclisinə və eyni zamanda Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə növbədənkənar seçkilərin keçirilməsi planlaşdırılıb. Qadınlarımızın növbədənkənar parlament seçkilərində fəallığının yüksəldilməsinə həsr olunan maarifləndirici tədbirin gerçəkləşdirilməsində əsas məqsəd Şərqdə ilk dəfə seçki hüququ qazanan Azərbaycan qadınlarının seçkilərdə azad və sərbəst fəaliyyətinin təkmilləşdirilməsi, aktivliyinin və məlumatlılıq səviyyəsinin daha da yüksəldilməsindən ibarətdir.

Azərbaycan Dövlət İqtisad Universitetinin professoru, “Azərbaycan qadınları” Koalisiyasının və ”Gender və iqtisadiyyat” İctimai Birliyinin sədri Təranə Kərimova əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuş, bu gün də uğurla davam etdirilən dövlət qadın siyasətindən danışıb, qadınların həm dövlət idarəçiliyinin müxtəlif ierarxiyalarında, həm də seçkili orqanların işində öz iradələrini ifadə etmək əzmində olduqlarını vurğulayıb. O da deyilib ki, qalib xalqın nümayəndələri olaraq sentyabrın 1-də keçiriləcək seçkilərdə hər birimiz fəal olmalıyıq.

Azərbaycan Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Sədaqət Qəhrəmanova çıxış edərək söyləyib ki, Azərbaycan müasir dövlətçilik tarixinin mühüm nailiyyətlərlə zəngin olan şərəfli bir dönəminə uğurla yekun vuraraq yeni dövrə qədəm qoyub. Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə 2020- ci ildə 44 günlük Vətən müharibəsi nəticəsində qazandığımız möhtəşəm qələbələr Azərbaycanın ərazi bütövlüyü və suverenliyinin bərpasını, üçrəngli bayrağımızın işğaldan azad edilmiş bütün ərazilərimizdə ucaldılmasını təmin edib. Ölkəmizin sosial-iqtisadi tərəqqisinə, hərbi gücünün və müdafiə qabiliyyətinin yüksəldilməsinə, beynəlxalq aləmdə mövqeyinin möhkəmlənməsinə hədəflənmiş müstəqil və uzaqgörən siyasət sayəsində istər ölkəmizdə, istərsə də bütövlükdə regionumuzda yeni reallıqlar yaranıb, qarşımızda yeni perspektivlər açılıb. Bütün bunlar da qadınların gücünü artırır, onları cəmiyyətdə və eləcə də seçkilərdə daha fəal olmağa sövq edir.

Bakı Dövlət Universitetinin dosenti, “Kamillik” İctimai Birliyinin sədri Əsmətxanım Məmmədova, Naxçıvan Muxtar Respublikası Mərkəzi Seçki Komissiyasının sədri Əkrəm Hüseynzadə və şəhid leytenant Emin Sadiqovun anası Gülşad Rüstəmova keçirilən tədbirin qadınların seçkilərdə azad və sərbəst fəaliyyətinin təkmilləşdirilməsi, fəallığının artırılması baxımından mühüm əhəmiyyət kəsb etdiyini vurğulayıblar. Çıxışlar zamanı seçicinin hüquq və vəzifələri, seçki prosesində iştirak etmək üçün lazım olan prosedur qaydaları, qadınların seçkilərdə fəallıqlarını daha da artırması üçün imkanlar barədə ətraflı məlumat verilib. İştirakçılar seçki hüququnun konstitusion əsasları, onun təmin edilməsi və həyata keçirilməsi formaları, eləcə də seçkilərdə qadınların fəallıqlarını daha da artırması üçün imkanlar barədə ətraflı məlumatlandırılıb.

Tədbirdə fəallığı ilə seçilən qadınlar, müxtəlif qurumların əməkdaşları, qadın seçicilər, şəhid anaları və media nümayəndələri iştirak ediblər.



 


Zərintac Mayisqızı
Missiya.Az



  • 23-08-2024, 16:20