Xızı şəhər tam orta məktəbində Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi, “XXI Əsrin Qadınları” İctimai Birliyinin təşkilatçılığı ilə "Cinayətkarlığa qarşı mübarizə" adlı dəyirmi masa keçirilib.
Missiya.Az “İki sahil”ə istinadən xəbər verir ki, tədbirdə Xızı Rayon İcra Hakimiyyətinin böyük məsləhətçisi Fətulla Əliyev, DİN-in İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinin Xüsusilə mühüm işlər üzrə baş əməliyyat müvəkkili polkovnik-leytenant İbrahim Əhmədov, "XXI Əsrin Qadınları" İctimai Birliyinin sədri Mahirə Əmirhüseynova məruzələrlə çıxış ediblər.
Onlar insan alverinə qarşı mübarizənin əsas istiqamətləri və normativ hüquqi bazası, insanların istismar edilməsinin forma və üsulları, insan alverinin profilaktikası, insan alverinə qarşı mübarizənin hüquqi və təşkilati əsasları, habelə insan alveri qurbanlarının hüquqi vəziyyəti, müdafiəsi və onlara yardım göstərilməsi haqqında, insan alverinin doğurduğu təhlükələr və bu cinayətlərdən qorunmaq barədə geniş məlumat veriblər.
Tədbir söhbət-disput şəklində davam edib.