
Dövrümüzün tələbinə uyğun olaraq belə söyləmək mümkünsə hər kəs daha çox gəlir qazanmaq istəyir. Xüsusilə də əksər gənclər ən gəlirli sahələri öyrənmək və ona yiyələnməyə çalışırlar ki, maddi tələbatlarını daha yaxşı qarşılaya bilsinlər. Doğrudur, ən önəmlisi sevdiyin işlə məşğul olmaqdır. Lakin nə qədər çox qazansaq həvəsimiz də bir o qədər artır. Bəs görəsən hazırda ən qazanclı sahələr hansılar hesab olunur?
İnsan Resursları üzrə mütəxəssis (HR) Röyal Əhmədov Missiya.Az-a açıqlaması zamanı deyib ki, əmək bazarını araşdırarkən hansı sahələrin daha çox inkişaf etdiyi və gəlirli olduğu aydın müşahidə edilir:
“Hazırda ən qazanclı sahələr - satış, marketinq, dizayner, informasiya texnologiyaları (İT), mühasibatlıq hesab olunur. Satış sahəsinə nəzər salanda, onlayn satış sferasının daha gəlirli olduğunu görə bilərik. Pandemiya dövrünə qədər də elektron ticarət inkişaf edirdi. Lakin çox sürətli şəkildə bu həyata keçmirdi. Pandemiya öz növbəsində müəyyən sfera və sahələrin dəyişilməsinə gətirib çıxartdı. Bu da satış sahəsinin əsasən onlayn şəkildə baş tutması prosesinə böyük töhfələr verdi. Düşünürəm ki, bir çox şirkətlər istər istehsalat, istərsə də xidmət sahəsində öz məhsullarını daha çox insana tanıtmaq, daha artıq qazanaraq fəaliyyətlərini elektron qaydada həyata keçirirlər”.

Röyal Əhmədov vurğulayıb ki, satış işinin inkişafı ilə yanaşı, ona yaxın olan sahələr də irəliləyib:
“Bu, dizayner, SMM, marketinq sahələrinin də inkişafına ciddi təkan verib. Habelə, İT sahəsinin irəliləyişi sözügedən sahənin daha gəlirli olmasına gətirib çıxarır. Texnologiyaların inkişafı öz növbəsində texnologiyalardan xüsusilə istifadə edən şirkətlərin sözügedən işə ehtiyacın artması ilə nəticələnir. Həmin ehtiyaca qarşılıq olaraq hər hansı vakansiya üzrə təklif edilən əmək haqqının gəlirliliyinin artımı öz tendensiyasını göstərir. İnkişaf edən və qazanclı işlərdən biri də layihələrin idarə olunması sahəsidir. Təşkilatlar öz fəaliyyətlərində keyfiyyəti artırmaq, işlərini daha qısa şəkildə icra etmək üçün müəyyən layihələr yaradırlar. Bu layihələr həm şirkətin gəlirinin çoxalmasına, həm də bu vəzifədə çalışan şəxslərin əmək haqlarının yüksəlməsinə gətirib çıxarır”.
Zərintac Mayisqızı
Missiya.Az