AZ   |   RU
Bu gün Mikayıl Müşfiqin doğum günüdür

 

Bu gün Azərbaycan şairi, tərcüməçisi və pedaqoqu Mikayıl Müşfiqin doğum günüdür. 


Missiya.Az xatırladır ki, 5 iyun 1908-ci ildə dünyaya gələn şair Xızı şəhərində, ziyalı ailəsində anadan olub. 


O, ibtidai təhsilini inqilabdan əvvəl rus-tatar məktəbində alıb. Azərbaycanda Sovet hakimiyyəti qurulduqdan sonra Bakı darül-müəllimində və 12 saylı II dərəcəli məktəbdə oxumuş pedaqoq Azərbaycan Dövlət Darülfünunun dil və ədəbiyyat fakültəsini bitirib.


Müşfiq çox gənc yaşlarından yaradıcılıq aləminə gəlmiş, həyatını, taleyini şeirlə bağlamış və ömrünün sonuna kimi ondan ayrılmamışdır. Poetik yaradıcılığa 1926-cı ildə "Gənc işçi" qəzetində çap etdirdiyi "Bir gün" şerilə başlayıb. Bundan sonra dövri mətbuatda müntəzəm çıxış edib. İlk kitabı-"Küləklər" 1930-cu ildə nəşr olunub. 1932-ci il Müşfiqin həyatında məhsuldar olmuş, "Günün səsləri", "Vuruşmalar", "Pambıq", "Buruqlar arasında" kitabları, daha sonra bir-birinin ardınca "Şeirlər", "Çoban", "Mənim dostum", "Səhər", "Sındırılan saz", "Azadlıq dastanı", "Buruq adamı" əsərləri nəşr edilmiş,1934-cü ildə Azərbaycan Yazıçılar İttifaqına üzv seçilmişdir. 


1930-1937-ci illərdə onun beş tərcümə kitabı nəşr edilib. Bunlar A.S.Puşkinin "Qaraçılar" (Ş.Abbasovla birlikdə), Taras Şevçenkonun "Kobzar"(Əhməd Cavadla birlikdə), Yegişe Çarensin "Şeirlər", S.Y.Marşakın "Huşsuza bax, huşsuza", M.F.Axundovun "A.S.Puşkinin ölümünə şərq poeması" kitablarıdır. 1931-1937-ci illərdə Dilbər Axundzadə ilə ailə həyatı sürüb. 1968-ci ildə Bakıda Dilbər Axundzadənin "Müşfiqli günlərim" adlı xatirələr kitabı nəşr olunub. Kitabın son genişləndirilmiş nəşri 2005-ci ildə "Gənclik" nəşriyyatında işıq üzü görüb. 


1937-ci il repressiyaları Azərbaycan ədəbiyyatının, mədəniyyətinin görkəmli siması Mikayıl Müşfiqdən də yan keçməyib. O, 1938-ci il 6 yanvarda cəza tədbirləri dövründə güllələnib. Xatirəsini əbədiləşdirmək üçün Bakıda büstü qoyulmuş, qəsəbəyə, məktəbə, küçəyə və meydana adı verilib.


Allah rəhmət eləsin.


Leyla SƏMƏNDƏR
Missiya.Az



  • 5-06-2024, 11:05