Kəlbəcər və Laçın rayonlarında 5 kiçik su elektrik stansiyasının istismarı layihəsi çərçivəsində “Malıbəy” kiçik su elektrik stansiyasının təməlqoyma mərasimi keçirilib.
Missiya.Az AZƏRTAC-a istinadən xəbər verir ki, tədbirdə iqtisadiyyat nazirinin müavini Anar Axundov, Azərbaycan Respublikası Prezidentinin Laçın rayonunda xüsusi nümayəndəsi Məsim Məmmədov, “Azərbaycan İnvestisiya Şirkəti” ASC-nin icraçı direktoru Ülvi Mansurov, “Demirören Yatırım Holding A.Ş.” Şirkətlər Qrupunun İdarə Heyətinin sədri Yıldırım Dəmirörən, “Arges Enerji Team” MMC-nin rəhbəri Mehmet Fehmi Özata və İqtisadiyyat Nazirliyinin aidiyyəti strukturlarının nümayəndələri iştirak ediblər.
Qeyd edilib ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə işğaldan azad edilmiş ərazilərin alternativ və yaşıl enerji zonasına çevrilməsi uğurla təmin edilir. Regionda infrastruktur təminatının yüksəldilməsi məqsədilə müasir tələblərə cavab verən elektrik enerjisi təchizatı sistemi formalaşdırılır. Yaşıl enerji təchizatında su elektrik stansiyalarının əhəmiyyətli rolu var. Azad edilmiş ərazilərimizdəki çayların hidropotensialının yüksək olması bu sahədə layihələrin səmərəliliyini artırır. Bu istiqamətdə özəl sərmayədarlarla əməkdaşlıq önəm kəsb edir.
Vurğulanıb ki, Kəlbəcər və Laçında kiçik su elektrik stansiyalarının istismarı layihəsi Azərbaycan-Türkiyə qardaşlığının daha bir göstəricisidir. Bu, azad edilmiş ərazilərimizdə özəl sektorla birgə icra edilən ilk su elektrik stansiyası layihəsidir. Layihənin birinci mərhələsi üzrə təməli qoyulan “Malıbəy” stansiyasının istismara verilməsi ildə təxminən 7 min evi elektrik enerjisi ilə təmin etmək imkanı yaradacaq.
Ötən ilin dekabrında “Azərbaycan İnvestisiya Şirkəti” ASC, Türkiyənin “Demirören Yatırım Holding A.Ş.” Şirkətlər Qrupu və “Arges Enerji Team” MMC arasında imzalanmış Birgə İştirak Müqaviləsi əsasında, Həkəri və Tərtər çayları üzərində 5 kiçik su elektrik stansiyası istismara veriləcək. Layihənin ümumi dəyəri 25 milyon manatdır. Ümumilikdə 13,8 MVt gücündə olan 5 stansiyanın 2025-ci ildə tam istifadəyə verilməsi nəzərdə tutulur. Stansiyaların istismar müddəti 30 ildir. Layihənin icrası 25 yeni iş yerinin yaradılmasına imkan verəcək.
Layihə çərçivəsində Laçın rayonu ərazisindən keçən Zabux çayı üzərində I mərhələ üzrə bu gün təməli qoyulan “Malıbəy” - 5,1 MVt, II mərhələ üzrə “Qalaça 2” – 3,4 MVt, “Minkənd” – 1,8 MVt, “Qalaça 1” – 1,1 MVt gücündə, III mərhələ üzrə Kəlbəcər rayonu ərazisindən keçən Tərtər çayı üzərində gücü 2,4 MVt olan “Tərtər 1” kiçik su elektrik stansiyalarının tikintisi planlaşdırılır.