AZ   |   RU
Slovakiya Respublikasının Baş nazirinin Azərbaycana səfəri iki ölkə arasında əlaqələrin tarixində əlamətdar gündür


7 may tarixində Slovakiya Respublikasının Baş naziri Robert Fitsonun Azərbaycana rəsmi səfəri olub. Səfər çərçivəsində ilə Slovakiya Respublikasının Baş nazirinin Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevlə təkbətək və geniş tərkibdə görüşləri olub.


Səfər çərçivəsində strateji tərəfdaşlıq haqqında Birgə Bəyannamə imzalanmışdır. Prezident İlham Əliyev Slovakiya Respublikasının Baş naziri Robert Fitsonun Azərbaycana rəsmi səfəri ilə əlaqədar mətbuata bəyanatla çıxış edib. Cənab Prezident qeyd edib ki, “Bu gün Slovakiya-Azərbaycan əlaqələrinin tarixində çox əlamətdar bir gündür. Hörmətli cənab Baş nazir Azərbaycana səfər edir və səfər çərçivəsində strateji tərəfdaşlıq haqqında Birgə Bəyannamə imzalanmışdır. Bu, çox ciddi siyasi sənəddir və bizim əlaqələrimizi ən yüksək səviyyəyə qaldıran sənəddir. Strateji tərəfdaşlıq Bəyannaməsində əks olunan maddələr bizim niyyətimizi əks etdirir, eyni zamanda, gələcək əməkdaşlığın perspektivlərini də müəyyən edir”.

 İki ölkə arasında imzalanan sənədlər arasında, müdafiə və müdafiə sənayesi sahələrinə aid sənədlər var. Bu iki istiqamət üzrə geniş fikir mübadiləsi aparılmışdır və müdafiə sənayesi sahəsində birgə istehsal sahələrinin yaradılması haqqında da artıq konkret danışıqlara da start verilmişdir.

Görüşlərdə energetika sektorunda əməkdaşlıq məsələləri geniş müzakirə edilib.

Dövlətimizin başçısı bəyanatında bunu xüsusilə vurğulayıb: “Təbii ki, bu gün energetika sektorundakı əməkdaşlıq çox geniş müzakirə edilmişdir. Azərbaycan hazırda 8 ölkəyə öz təbii qazını ixrac edir və ümidvaram ki, 9-cu ölkə Slovakiya olacaq. Keçən ilin aprel ayında “Həmrəylik Halqası” adlanan sənəd imzalanmışdır və beləliklə, Azərbaycan qazını Slovakiya bazarına da nəql etmək üçün yaxşı imkanlar yaradılmışdır”.

Prezident İlham Əliyev həmçinin Avropa İttifaqı ilə Azərbaycan arasında qaz və enerji sahəsində imzalanmış strateji tərəfdaşlıq Bəyannaməsi icra edilməsi haqqında məlumat verib və qeyd edib ki, “Azərbaycan öz təbii qazını Avropa məkanına etibarlı yollarla nəql edir. Avropaya təchizat 2021-ci ildəki 8 milyard kubmetrdən bu il 12 milyard kubmetrə qədər qalxacaq. Bu da Azərbaycanın ümumi qaz ixracının 50 faizini təşkil edir. Bizim planlarımızda 2027-ci ilin sonuna qədər təkcə Avropa İttifaqı məkanına 20 milyard kubmetr qazın nəql edilməsi məsələsi dayanmışdır və mən hesab edirəm ki, biz buna nail olacağıq”.

Həmçinin azad olunmuş torpaqlarda Slovakiya şirkətinin fəaliyyətini əməkdaşlığımızın bir əlamətdar istiqaməti kimi dəyərləndirən ölkə rəhbəri xüsusilə vurğulayıb: “Əməkdaşlığımızın bir əlamətdar istiqaməti də azad edilmiş torpaqlarda Slovakiya şirkətinin fəaliyyətidir. Ağdamın Qərvənd kəndinin yenidən qurulması Slovakiya şirkəti tərəfindən icra ediləcək. Bu da təbii ki, həm böyük rəmzi məna daşıyır, çünki əlaqələrimizin səmimiliyinin dərəcəsini göstərir. Eyni zamanda, işğaldan azad edilmiş torpaqlarda ən müasir standartlara cavab verən “Ağıllı şəhər”, “Ağıllı kənd” konsepsiyası əsasında slovakiyalı mütəxəssislər tərəfindən görüləcək işlər, əlbəttə ki, oraya qayıdacaq insanları sevindirəcək”.

Yusif Əliyev Nizami Rayon İcra Hakimiyyətinin əməkdaşı, Qarabağ veteranı







  • 9-05-2024, 12:04