AZ   |   RU
Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclası keçirilib

Aprelin 17-də Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin növbəti iclası keçirilib. 


Missiya.Az xəbər verir ki, komitə sədri Tahir Mirkişili iclasda birinci oxunuşda 4 qanun layihəsinin müzakirəyə çıxarıldığını bildirib. 


Əvvəlcə, iclasda “Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsində süni torpaq sahələrinin yaradılması haqqında” Azərbaycan Respublikası qanununun layihəsi təqdim edilib. 


Komitə sədri Tahir Mirkişili bildirib ki, layihə ölkə Prezidenti tərəfindən qanunvericilik təşəbbüsü qaydasında parlamentə daxil olub. O, bu gün əhalinin yaşayış ehtiyacının ödənilməsinin, sənaye və energetika sahəsinə aid obyektlərin tikintisinin əhəmiyyətini qeyd edərək, bu məsələlərin həlli baxımından da təqdim edilən qanun layihəsinin önəmli olduğunu deyib. Komitə sədri Xəzər dənizində infrastrukturun inkişaf etdiyini və qanunun inşaat sektorunda mövcud olan yeniliklərin bu istiqamətdə tətbiqini təmin edəcəyini söyləyib. Tahir Mirkişili vurğulayıb ki, təhlükəsizliyin təmin olunması, küçələrin planlaşdırılmasının dəqiq müəyyən edilməsi, mülkiyyət münasibətlərinin daha şəffaf qurulması qarşıda duran əsas məsələlərdəndir. 


Diqqətə çatdırılıb ki, 4 fəsil və 10 maddədən ibarət olan qanun layihəsində süni torpaq sahələrinin yaradılma formaları və süni torpaq sahələrinin yaradılmasına dair ümumi tələblər, süni torpaq sahəsinin yaradılması üçün müraciət və müraciətə baxılması qaydaları öz əksini tapıb. Bununla yanaşı, sənəddə süni torpaq sahəsinin yaradılması məqsədilə su fondu torpaq sahəsinin ayrılması barədə qərarla bağlı müddəalar, süni torpaq sahələrinin yaradılması və həmin torpaq sahəsində tikinti fəaliyyətinin xüsusiyyətləri, mülkiyyət və icarə münasibətlərinin tənzimlənməsi məsələləri təsbit olunur. 


Sonra Dövlət Şəhərsalma və Arxitektura Komitəsi Aparatının rəhbəri Rəşad İsmayılov layihə ilə bağlı fikirlərini açıqlayıb. O, Xəzər dənizi akvatoriyasında tikinti işlərinin aparılması ilə bağlı mövcud ənənələrdən söhbət açıb. Dənizdə tökmə torpaq üzərində tikintinin aparılması ilə əlaqədar qanunvericiliyini təkmilləşdirilməsi sahəsində görülən işləri diqqətə çatdırıb. Bu gün mülkiyyət məsələlərinin tənzimlənməsi, şəhərsalma, ərazi planlaşdırılması, tikinti inzibatçılığı ilə bağlı məsələlərin həllinin zəruriliyindən danışıb. 


Bildirilib ki, qanun layihəsi Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsində tikinti məqsədləri üçün süni torpaq sahələrinin yaradılması ilə bağlı ictimai münasibətləri tənzimləyir, süni torpaq sahələrinin yaradılmasının təşkilati və hüquqi əsaslarını və süni torpaq sahələrindən istifadənin, o cümlədən süni torpaq sahələrində tikinti aparılmasının xüsusiyyətlərini müəyyən edir. Qeyd edilib ki, qanunun qəbulu iqtisadiyyatın gücləndirilməsinə, tikinti sahəsinin inkişafına, yeni iş yerlərinin yaradılmasına xidmət edəcək.


Komitənin sədr müavini Əli Məsimli, üzvləri Mahir Abbaszadə, Vahid Əhmədov, Ziyad Səmədzadə, Elnur Allahverdiyev, Vüqar Bayramov, Məşhur Məmmədov, Məzahir Əfəndiyev, Rüfət Quliyev, Aydın Hüseynov çıxış edərək, sənədin iqtisadiyyatın davamlı inkişafı, turizm potensialının genişləndirilməsi, ekoloji problemlərin qarşısının alınması baxımından əhəmiyyətini vurğulayıblar. Deputatlar bəzi qeyd və təkliflərini də diqqətə çatdırıblar. Dövlət Şəhərsalma və Arxitektura Komitəsi Aparatının rəhbəri Rəşad İsmayılov qaldırılan məsələlərə aydınlıq gətirib. 


Sonra komitə sədri Tahir Mirkişili növbəti məsələ –  Azərbaycan Respublikasının Vergi Məcəlləsində, Gömrük Məcəlləsində, “Dövlət rüsumu haqqında” və “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə qanun layihəsi ilə bağlı məlumat verib. 


Bildirilib ki, layihədə “Lisenziyalar və icazələr haqqında” Qanunda dəyişiklik edilərək tütün məmulatının idxalı və istehsalını həyata keçirən sahibkarlıq subyektlərinin Reyestrindən çıxarışın “Sahibkarlıq fəaliyyətinə verilən icazələrin siyahısı”na əlavə edilməsi təklif olunur. 


Vergi Məcəlləsində nəzərdə tutulan dəyişikliyə əsasən, qeydiyyata alınmadan tütün məmulatının istehsalı fəaliyyətinin həyata keçirilməsi, habelə “Tütün və tütün məmulatı haqqında” Qanunla müəyyən olunmuş qeydiyyat şərtlərinin pozulması faktlarının aşkar edilməsi operativ vergi nəzarətinin əhatə etdiyi məsələlər kimi müəyyən edilir.


“Dövlət rüsumu haqqında” Qanunda tütün məmulatının idxalı və istehsalını həyata keçirən sahibkarlıq subyektlərinə tütün məmulatının idxalı və istehsalını həyata keçirən sahibkarlıq subyektlərinin Reyestrindən çıxarışın verilməsinə görə dövlət rüsumunun müəyyən edilməsi ilə əlaqədar dəyişiklik nəzərdə tutulur.


Tütün məmulatının idxalını həyata keçirən sahibkarlıq subyektlərinin qeydiyyata alınması tələbindən irəli gələrək gömrük nəzarəti zamanı Reyestrdən çıxarışın yoxlanılması ilə bağlı Gömrük Məcəlləsində müvafiq dəyişiklik edilir.


Daha sonra iclasda Azərbaycan Respublikasının 1999-cu il 7 dekabr tarixli 768-IQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Gömrük orqanlarında xidmət haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə qanun layihəsinə baxılıb. Komitə sədri qeyd edib ki, layihədə gömrük orqanlarında xidmətin keyfiyyətinin yüksəldilməsi, gömrük orqanları əməkdaşlarının sosial müdafiəsinin gücləndirilməsi, onların yeni qulluq yerinə köçməsi və bununla bağlı kompensasiyanın ödənilməsi, habelə qulluq keçmə yerində yaşayış yeri olmayan əməkdaşların mənzil kirayəsi üçün pul kompensasiyasının verilməsi məsələləri  tənzimlənir. 


Sənədə əsasən, gömrük orqanlarının vəzifəli şəxslərinə yeni qulluq yerinə köçmə, habelə əmlakın daşınması üçün xərclər və birdəfəlik kompensasiya ödəniləcək. Bununla yanaşı, gömrük orqanlarında qulluq yerinin dəyişdirilməsi ilə əlaqədar yaşayış yeri olmayan və bu səbəbdən kirayə götürülmüş mənzildə yaşayan gömrük orqanlarının vəzifəli şəxslərinə və onların ailə üzvlərinə mənzil kirayəsi üçün pul kompensasiyası ödəniləcək. Qeyd olunan xərclərin və kompensasiyanın ödənilməsi qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən ediləcək.


Gündəliyin sonuncu məsələsini – Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində, Ailə Məcəlləsində və “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə qanun layihəsini təqdim edən Tahir Mirkişili bildirib ki, sənəddə bir neçə istiqamətdə dəyişikliklər nəzərdə tutulub. 


Qeyd olunub ki, layihədə ərizə üzrə məhkəmənin qərarının ötürülməsi ilə bağlı dəyişiklikdə “3 gün müddətində” sözləri “dərhal” sözü ilə əvəz edilir. 


Habelə, sənədə əsasən, “Dövlət rüsumu haqqında” Qanunun 2.0.3-cü maddəsində dövlət rüsumunun tutulduğu hallar sırasında nəzərdə tutulmuş “vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı” sözlərindən sonra “şəhadətnamə” sözünün əlavə edilməsi təklif edilir.  Eyni zamanda, Azərbaycanda və ya Azərbaycanın xarici ölkələrdəki diplomatik nümayəndəliklərində aparılan konsul əməliyyatı üçün dövlət rüsumunun tutulduğu hallar siyahısına məhkəmə qətnaməsi əsasında nikahın pozulmasının qeydə alınmasına görə dövlət rüsumu nəzərdə tutulur. Layihədə bir sıra digər dəyişikliklər də öz əksini tapıb.


Komitənin gündəliyinə daxil olan qanun layihələrinin hamısı birinci oxunuşda Milli Məclisin plenar iclasına tövsiyə olunub.


İclasda komitə üzvləri İmamverdi İsmayılov, İqbal Məmmədov, Ağalar Vəliyev, Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Nurlan Həsənov və digər rəsmi şəxslər iştirak ediblər.


Missiya.Az



  • 17-04-2024, 16:55