AZ   |   RU
“Tiktok”u “reket yuvasına” çevirənlərə qarşı tədbir görüləcəkmi?


Son günlər Tiktok platformasında milli adət-ənənəyə, etik normalara uyğun olmayan paylaşımlar və çağırışlar edən bir neçə şəxs həbs olunub. Məlumdur ki, həmin tiktokerlər sosial şəbəkələrdə söyüş ifadələri işlədir, kobud danışıq tərzi və hərəkətləri ilə diqqətləri üzərlərinə çəkib pul qazanmağa çalışırlar. Cəmiyyətə qarşı hörmətsizlik , mənəvi dəyərlərə uyğun olmayan qeyri-etik paylaşımlar edən belə şəxslərlə bağlı polis əməkdaşları tərəfindən tədbirlər davam etdirilir.

Daxili İşlər Nazirliyi (DİN) operativ şəkildə araşdırma apararaq sözügedən şəxslərə həbs cəzası tətbiq edir. Hətta, elələri də varki Tiktok vasitəsilə bir çoxlarına, xüsusilə nüfuzlu insanlara qarşı qarayaxma kampaniyası aparırlar, onlar haqqında heç bir fakta əsaslanmayan, qərəzli informasiyalar paylaşırlar. Bəs bu cür qarayaxma kampaniyası ilə məşğul olanlarla hansı mübarizə metodları aparılmalıdır?

Mövzumuzla bağlı Jurnalist Ekspert Mərkəzinin (JEM) sədri Ceyhun Musaoğlunun münasibətini öyrəndik. Missiya.Az-a açıqlamasında C. Musaoğlu: “Sosial şəbəkələrdə davranışları ilə mənəvi dəyərləri pozan şəxslərə inzibati qaydada da cəzaların verilməsini nəinki dəstəkləyirəm, üstəlik alqışlayıram” deyib və həmçinin vurğulayıb ki, artıq virtual dünya ilə real dünya arasındakı sərhədlər itib. Sosial şəbəkələrə də qanun və qaydalar tətbiq olunmalıdır:

“Mətbuat da artıq virtual həyatda özünü daha çox göstərə, yayıla bilir. O cümlədəm rəsmi şəxslər fikirlərini virtual aləmdə bölüşməyə üstünlük verirlər. Ona görə də sosial şəbəkələrin bağlanmasını istəmək əslində məntiqdən kənardır. Bəs nə etməliyik? Virtual aləmdə də realda olduğu kimi səliqə-sahman yaratmalıyıq. Real dünyanın mənəvi, fiziki və hüquqi qaydaları var. Bütün bunlar virtual aləmdə də tətbiq olunmalıdır. Bütün sahələrdə qanunların olduğu kimi medianın da qanunları var. Niyə sosial şəbəkələrdə o qanunlar olmasın ki? Ola bilər ki, virtual aləm barədə qaydalar qüvvəyə minməyib. Lakin bizim mənəvi, hüquqi qanunlarımız var axı. Hüquqi qanun deyir ki, söyüş söymək, təhqir etmək olmaz. Təhqir, şantaj cinayət məcəlləsində əksini tapan maddələrlə cinayət işi qaldırılır. Əvvəllər sosial şəbəkələrə tətbiq olunmaya bilərdi, çünki bu platformalar yaxşı inkişaf etməmişdi, hamı üçün yeni idi. Amma bu gün virtul dünya real aləmə qalib gəlib. Ağıllı adamlar sosial şəbəkələrdən xeyirli məqsədlər üçün istifadə edir. Belə bir söz var: “Əlində bıçaqla çörək də kəsə bilərsən, cinayət də edə bilərsən. Təbii ki müdrik olmayanlar ondan ziyanlı şəkildə istifadə edir. Həm özlərinə, həm də cəmiyyətə zərər verirlər. Konkret faktlara gəldikdə, milli-mənəvi dəyərlərin aşınması prosesi gedir. Xüsusilə də Tiktokda. Sanki bəziləri belə başa düşürlər ki, həmin platformada “nə gəldi danışmaq olar”.



JEM sədri əlavə edib ki, böhtan xarakterli məlumat yayanlar, insanların şərəf və ləyaqətini alçaldanlar necə real aləmdə məsuliyyətə cəlb olunursa virtual dünyada da eyni səviyyədə məsuliyyətə cəlb edilməlidir:

“Məsələn böhtan atan jurnalist necə əməlinə görə real dünyada məhkəmə qarşısında cavab verirsə, inzibati qurumlar tərəfindən virtualda da bu tətbiq olunmalıdır. Həmin şəxslərə qarşı ictimai qınağın olması da vacibdir. İnsanları şantaj etmək, dəqiqləşdirilməmiş məlumat paylaşmaqla jurnalistikanın etik qaydalarını virtualda pozmaq realdakı pozuntuya bərabərdir. Eynidir. Belə işlərlə məşğul olan adamlara sərt münasibət göstərilməlidir. Necə ki, artıq icra edilməkdədir və davam etsin. Çünki onların əməlləri Azərbaycanın milli-mənəvi, əxlaq dəyərlərinə və dövlət maraqlarına ziddir”.

Zərintac Mayisqızı
Missiya.Az





  • 16-04-2024, 14:19