AZ   |   RU
Azərbaycan millisinin uğuru üçün zaman lazımdır - AFFA-nın yeni prezidenti

 

Azərbaycan millisinin uğuru üçün zaman lazımdır.

Missiya.Az Report-a istinadən xəbər verir ki, bunu AFFA-nın yeni prezidenti Rövşən Nəcəf quruma rəhbər seçildikdən sonra ilk mətbuat konfransında deyib.

"Bu, yalnız meydanda göstərilən nəticələrlə ölçülmür. İnfrastrukturun möhkəmləndirilməsi, akademiya səviyyəsində oyunçuların yetişdirilməsi və şəffaf hesabatın təmin olunması vacib məqamlardır. Hər hansı uğurlu komandanın formalaşması üçün zamana ehtiyac var. Uşaq futbolunun, meydandakı ot örtüyünün beynəlxalq standartlara cavab verməsi, azarkeşlərin stadionlara cəlb olunması önəmli amillərdir", - deyə milli assosiasiyanın rəhbəri vurğulayıb.

Futbol funksioneri yol xəritəsinin hələ hazır olmadığını söyləyib: "Çünki ilk iclası keçirdik. Qarşıya qoyulan ilk məqsəd qısa müddətdə strategiyanın hazırlanmasıdır. İstənilən layihəni həyata keçirmək üçün maliyyə vəsaitinə ehtiyac var. Burada dövlətdən maliyyə yardımı edilməsindən yox, özəl strukturları cəlb etməkdən danışırıq. Həmçinin teleyayım keyfiyyətinin artırılması üzərində düşünməliyik. Özəl vəsaitlər, sponsorlar üzərində işləməliyik. Sadə səslənsə də, bunlar böyük inkişaf yolu tələb edən tədbirlərdir. Əminəm ki, futbol ictimaiyyəti olaraq bunun üçün birgə fəaliyyət göstərəcəyik".



  • 2-04-2024, 12:34