AZ   |   RU
Qerb regionda yeni münaqişə ocağı yaratmağa çalışır - Moskva, Tehran, Ankara da təhlükədədir - ABŞ və Avropa Birliyinin məkrli planı

ABŞ  və Avropa Birliyi Qafqazda sülhü əngəlləmək niyyətindən əl çəkmir.


Aprelin 5-də ABŞ dövlət katibi Entoni Blinken, Avropa Komissiyasının sədri Ursula fon der Leyen və Ermənistanın baş naziri Nikol Paşinyan Brüsseldə Ermənistanın inkişafı ilə bağlı məsələləri müzakirə etmək üçün görüş keçirəcəklər. Bu barədə ötən həftə Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan məlumat vermişdi. 


Görüşün mövzusu Ermənistanın inkişafını nəzərdə tutulan məsələlər kimi qələmə verilməsinə baxmayaraq, toplantının əsas mövzusu İrəvan hakimiyyətini silahlandırmaq, Cənubi Qafqazda ikinci Ukrayna ssenarisini reallaşdırmaq və regionda yeni münaqişə ocağı yaratmaqdır. Bu isə bölgədə sülhün əldə olunmasına yox, mümkün eskalasiyanın yaranmasına və qeyri-sabit vəziyyətin bundan sonra da davam etməsinə şərait yaradacaq. 


Məsələyə münasibət bildirən Azərbaycan Xarici İşlər Nazirliyinin sözçüsü Ayxan Hacızadə bildirdi ki, “Ermənistandakı qisasçı əhval-ruhiyə bu tədbirdən dəstək uma bilər və mümkün təxribatlarda Aİ ilə ABŞ-nin  Ermənistanı dəstəkləyəcəyinə dair "illuziya" yarada bilər. Bu halda, Aİ və ABŞ Ermənistanın sabitliyi pozan hər hansı mümkün hərəkətinə görə məsuliyyəti bölüşəcəklər”.


30 il Azərbaycan torpaqlarının erməni işğalı altında qalmasına bir dəfə də olsun səsini çıxartmayan Qərb bu gün Azərbaycanın öz ərazi bütövlüyünü təmin etməsini həzm edə bilmir. Azərbaycanın 2020-ci ildə Ermənistan üzərində qələbə qazanaraq torpaqlarını işğaldan azad etməsindən sonra bölgədə yeni reallıqlar yarandı və Qərb bunu indi də qəbul edə bilmir. 


44 günlük müharibədən sonra da Qərb bölgədə erməni terrorçuların qalmasında və separatizmin davam etdirilməsində maraqlı idi. Hətta Azərbaycanın Laçın dəhlizində post yerləşdirilməsindən sonra Qərb ölkəmizə qarşı çirkin kampaniyalar aparmaqla məşğul idi. Onlar Azərbaycanın Qarabağda “humanitar böhran” yaratdığını iddia edərək, ölkəmizə və dövlət başçısı İlham Əliyevə qarşı təzyiq kampaniyası aparırdı. Ancaq bütün bunlara baxmayaraq, cənab prezident öz mövqeyindən geri çəkilmədi və Qərbin bütün təzyiqlərinə sinə gərərək, ərazi bütövlüyümüzün təmin edilməsinin əsasını qoyaraq, Xankəndində Azərbaycan bayrağını qaldırdı. Orada qaldırılan bayraq isə erməni separatizminin və Qərbin ürəyinə saplanmış xəncər idi.


Bu gün Qərbin Ermənistanı silahlandırması təkcə Azərbaycan üçün yox, bütün region ölkələri Rusiya, Türkiyə və İran üçün də ciddi təhlükə riski daşıyır. Qərblə münasibətləri düşmənçilik səviyyəsində olan Moskva və Tehran isə İrəvanın bu şıltaqlıqlarına səssiz qalmağa davam edir. Xarici qüvvələrin regiona gəlişini özünün “qırmızı xətti” hesab edən İran Ermənistanın bu addımını görməzlikdən gəlir. İranla yanaşı bu gün Ermənistan ərazisindən Rusiya hərbçilərinin çıxarılmasını tələb edən İrəvan hakimiyyətinə qarşı Moskva hələlik heç bir ciddi reaksiya verməyib. 


Görünən odur ki, Ermənistanın Azərbayacana qarşı revanşist fikirlərindən geri çəkilməməsinə Qərb ölkələri xüsusi maraq göstərirlər.  Ancaq bütün qüvvələr birmənalı olaraq bilməldir ki, Azərbaycanla heç kim güc dili ilə danışa bilməz. Bunu ölkə başçısı da dəfələrlə çıxışlarında xüsusilə qeyd etmişdir. Digər tərəfdən, Azərbaycanın qardaş Türkiyə ilə Şuşa bəyannaməsi kimi müqaviləsi var. Ölkəmizə qarşı hansısa hücum cəhdi olarsa, dərhal qarşılarında  Türkiyə Ordusunu görməli olacaqlar.


Daşqın Həsənov
Missiya.Az



  • 28-03-2024, 10:20