“2 Fevral – Gənclər Günü” münasibətilə Abşeron rayonunda “Azərbaycan gəncliyi–etibarlı gələcəyimizdir” mövzusunda bayram tədbiri keçirilib. Tədbirdə Abşeron rayon İcra Hakimiyyətinin Başçısının müavini – İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Gülnar Rəhimova, hüquq-mühafizə orqanlarının, səhiyyə, təhsil və digər təşkilat və idarələrin nümayəndələri, şəhid ailələri və müharibə iştirakçıları iştirak edib. İştirakçılar əvvəlcə Xırdalan şəhərində Ulu Öndərin adını daşıyan parkda onun abidəsinin önünə tər güllər düzərək xatirəsini dərin ehtiramla yad ediblər.
Daha sonra bayram tədbirində Dövlət Himni oxunub, Ümummilli Lider Heydər Əliyevin və Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərimizin ruhu 1 dəqiqəlik sükutla yad edilib.
Tədbirdə çıxış edən RİH başçısının müavini Gülnar Rəhimova iştirakçıları “2 Fevral–Gənclər Günü” münasibətilə təbrik edərək onlara fəaliyyətlərində uğurlar arzulayıb. G.Rəhimova bildirib ki, 1993-cü ildə Ümummilli Lider Heydər Əliyevin ikinci dəfə hakimiyyətə qayıdışından sonra gənc nəslin inkişaf etdirilməsi, onların dövlət idarəçiliyinə cəlb edilməsi, ölkənin ictimai-siyasi həyatında rolunun artırılması dövlət siyasətinin əsas prioritetlərindən birinə çevrilib. Qeyd edilib ki, Ulu Öndərin 1994-cü il 26 iyul tarixli Fərmanı ilə Gənclər və İdman Nazirliyi yaradılıb, yeni nazirlik gənclərlə iş sahəsində vahid dövlət siyasətinin reallaşdırılmasını təmin edib. Ulu Öndərin 1997-ci il fevralın 2-də imzaladığı Fərmana əsasən, fevralın 2-si Azərbaycan Gəncləri Günü elan edilib. Ümummilli Liderin Gənclər Forumunun təşkili ilə bağlı 1995-ci ildə irəli sürdüyü təşəbbüsdən sonra 1996-cı ildən başlayaraq Azərbaycan gənclərinin forumlarının keçirilməsinə başlanılıb.
Sonra şəhid İlqar Vəliyevin oğlu Vəli Vəlizadə, şəhid Elşad Həsənovun qızı Aysun Həsənli, Vətən Müharibəsi iştirakçısı Elməddin Novruzov çıxış edərək ölkəmizdə gənclərin inkişafı üçün bütün istiqamətlərdə lazimi şəraitin yaradıldığını, dövlət idarəçiliyində böyük meydanların və imkanların verildiyini qeyd ediblər.
Sonra Abşeron rayonunu ictimai-siyasi həyatında fəallığı ilə fərqlənən bir qrup gəncə Fəxri Fərmanlar və mükafatlar təqdim edilib.
Tədbir tanınmış incəsənət nümayəndələrinin iştirakı ilə təqdim olunan bədii proqramla başa çatıb.