Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri və AŞPA-da Azərbaycan nümayəndə heyətinin rəhbəri Səməd Seyidov, nümayəndə heyətinin üzvləri Rafael Hüseynov, Erkin Qədirli, Nigar Arpadarai, Kamal Cəfərov və Sevil Mikayılova AŞPA-nın qış sessiyasında iştirak etmək üçün yanvarın 20-də Fransanın Strasburq şəhərinə səfər edəcəklər.
Bu barədə Missiya.Az-a Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.
Yanvarın 22-dən 26-dək keçiriləcək sessiyada AŞPA Bürosunun, Daimi Komitəsinin, Avropa Şurasının İnsan Hüquqları üzrə komissarının hesabatları dinləniləcək, bəzi təşkilati işlərə baxılacaq, Serbiyada erkən parlament seçkilərinin müşahidəsinin nəticələri, Yaxın Şərq və Avropa regionundakı vəziyyət nəzərdən keçiriləcək, Avropa həbsxanalarında sistemli işgəncə, qeyri-insani və ya ləyaqəti alçaldan rəftar, üzv dövlətlərdə media azadlığı və jurnalistlərin təhlükəsizliyinin təmini kimi məsələlər müzakirə olunacaq və müvafiq qərarlar qəbul olunacaq.
Deputatların səfəri yanvarın 27-də başa çatacaq.