Bu gün şair, publisist, ssenarist Nüsrət Kəsəmənlinin doğum günüdür.
Missiya.Az xatırladır ki, Nüsrət Kəsəmənli 29 dekabr 1946-cı ildə Ağstafa rayonunda dünyaya gəlib.
O, 1966-cı ildə Azərbaycan Dövlət Universitetinin jurnalistika fakültəsinə daxil olub. Universitetin II kursundaykən 1969-cu ildə “Bakı” və “Baku” qəzetlərində müxbir, ədəbi işçi vəzifələrinə qəbul edildiyinə görə qiyabi şöbəyə keçirilib. Universiteti bitirdikdən sonra 1978-1985-ci illərdə Azərbaycan Yazıçılar İttifaqında referent və ədəbi məsləhətçi olub.
1960-cı illərin əvvəllərindən bədii yaradıcılığa başlayıb. 150-dək şerinə musiqi bəstələnib. “Boş kəndlərin harayı”, “Mövzu üzrə improvizasiya”, “Ənbizlərin keşiyində”, “Sovet Azərbaycanına səyahət” və s. sənədli filmlərin, “Afroditanın qolları”, “Qarabağ əhvalatı” bədii filmlərin ssenari müəllifidir.
1981-1984-cü illərdə fəal ictimaiyyətçi olub: Azərbaycan Yazıçılar İttifaqında Həmkarlar Komitəsinin sədri, mədəniyyət işçiləri həmkarlar ittifaqı respublika komitəsi rəyasət heyətinin üzvlüyünə namizəd, Azərbaycan Tarix və Mədəniyyət Abidələri Mühafizə Cəmiyyətinin üzvü, Azərbaycan Yazıçılar İttifaqının VI, VII qurultayında idarə heyətinin üzvü, poeziya şurasının sədri seçilib. 1985-ci ildən C.Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında baş redaktor işləyib.
Nüsrət Kəsəmənli Aərbaycanda daha çox yazdığı sevgi şeirləri ilə tanınıb və bir çox mahnılarına şeirlər yazılıb.
“Daha nağıllara inanmıram mən”, “Biri vardı, biri yox”, “Səni unutsam”, “Vətən alov etsin odunu sənin” ,"Məhəbbətdən küsəndə", "Mənsiz qalacaqdır bu dünya bir gün" kimi məşhur şeirlərin müəllifi olan Nüsrət Kəsəmənli 15 oktyabr 2003-cü ildə Təbrizdə vəfat edib.
Allah rəhmət eləsin.
Leyla SƏMƏNDƏR
Missiya.Az