AZ   |   RU
Yanlış botoks bu xəstəliklərə səbəb olur - Nevroloqlardan xəbərdarlıq


Dünyanın hər yerində olduğu kimi, ölkəmizdə də son illər botoksdan istifadə edənlərin sayı artıb. Sözügedən prosedur xanımlara düzgün tətbiq olunduqda istədikləri görünüşü heç bir fəsadla üzləşmədən əldə edə bilirlər. Botoks ən çox üz bölgəsinə vurulur. Xüsusilə göz ətrafına, iki qaş arasına, alına, üst dodağa, ağızın yanlarına, çənəyə və buruna tətbiq olunur. Qırışlar əleyhinə əsasən 30 yaşdan sonra vurulması məsləhət görülür. Lakin digər üz hissələrinə 18 yaşdan yuxarı dolğu istifadə etmək mümkündür. Bu prosedur olunduqdan sonra qadınlar özlərini isti su, buxar, gərgin iş, tər və makyajdan qorumalıdırlar. Məqsəd isə qalıcılığını daha çox təmin etməkdir.

Mütəxəssislər deyirlər ki, botoksun estetikada məşhurlaşmasına baxmayaraq, o bir çox xəstəliklərin müalicəsində də işə yarayır: üz iflici olanlarda deformasiyasını aradan qaldırmaq, tərləmə, diş qıcama, sidik qaçırma problemlərdən və miqren ağrılarından qurtulmaq.

Amma haqqında danışdığımız prosedurun yanlış istifadəsi bir çox fəsadlarla nəticələnir. Botoks vurulmadan öncə həmin şəxsin buna qarşı fərdi həssaslığının olub-olmaması, dərisinin allergik reaksiya verib-verməyəcəyi, dozasının miqdarı və.s diqqətlə yoxlanılmalıdır.



Dünyanın əksər nevroloqları, uyğun doza və qaydada tətbiq edilməyən, təbii tərkibi olmayan botoksun tənəffüs çatışmazlığı ( "botulizm" xəstəliyi) yaradacağını deyirlər.

Dolğunun doğru hissəyə vurulması da zəruridir. Uzun müddət eyni nahiyəyə tətbiq olunan botoks səbəbiylə əzələlərin kiçilməsi riski ola bilir. Bundan başqa, dişləri sıxaraq "botulinum" toksin iynəsi alan xəstələrdə çeynəmə əzələsi yerinə üz əzələsinə inyeksiya edilməsi, xüsusilə də gülümsəyərkən asimmetriya və müxtəlif üzdə pozuntular əmələ gəlir. Ona görə də araşdırmaq, peşəkar mütəxəssislərin yanına getmək tövsiyə olunur.

Zərintac Mayisqızı
Missiya.Az





  • 14-12-2023, 11:44