AZ   |   RU
Azad olunmuş torpaqlarda azərbaycanlı və ispan memarlar birgə layihə həyata keçirəcəklər - FOTOLAR


Dekabrın 4-də İspaniyanın məşhur memarları və memarlıq şirkətlərinin rəhbərləri Azərbaycan Memarlıq və İnşaat Universitetinə (AzMİU) səfər ediblər.

Missiya.Az
 xəbər verir ki, bu səfər “F-Holding”in təşkilatçılığı ilə reallaşıb. AzMİU-nun rektoru, memarlıq doktoru Gülçöhrə Məmmədovanın qonaqlarla görüşü keçirilib.

Görüşə Azərbaycan Memarlar İttifaqının sədri professor Elbay Qasımzadə, “F-Holding’in təsisçisi, İspaniyadakı Azərbaycan diasporunun tanınmış simalarından olan Fərid Mustafayev, AzMİU-nun rəhbərliyi, memarlıq təhsili üzrə professor-müəllim heyəti və kütləvi informasiya vasitələrinin nümayəndələri qatılıblar.

Bir sıra istiqamətlər üzrə əməkdaşlıq məsələləri müzakirə olunub və AzMİU ilə “F-Holding” arasında anlaşma memorandumu imzalanıb. Memorandumu AzMİU-nun rektoru, professor Gülçöhrə Məmmədova və ”F- Holding”in direktoru Fərid Mustafayev imzalayıblar.

Dövlət-özəl əməkdaşlığına əsaslanan memorandumda xarici mütəxəssislərin AzMİU-da Memarlıq fakültəsində tədrisə, müxtəlif proqramlara, ustad dərslərinə cəlb olunması, konfrans və konqreslərin keçirilməsi nəzərdə tutulub. Eyni zamanda birgə layihələrin işlənilməsi, xüsusilə gələcəkdə ispan memarların da iştirakı ilə işğaldan azad olunmuş ərazilərlə bağlı layihələrin işlənilməsi planlaşdırılır.

İmzalanma mərasimindən sonra qonaqlar universitetin Memarlıq fakültəsində olublar, ispan memarların həmin fakültənin müəllim və tələbələri üçün təqdimatları təşkil edilib.

Zərintac Mayisqızı
Missiya.Az





  • 4-12-2023, 12:39