8 Noyabr – Zəfər Gününün üçüncü ildönümü ilə əlaqədar Samux rayonunda ümumrayon tədbiri keçirilib.
Missiya.Az “Report”a istinadən xəbər verir ki, tədbirdə Samux Rayon İcra Hakimiyyətinin başçısı Firdovsi Əliyev, Milli Məclisin deputatı Nizami Səfərov, Milli Qəhrəman Eltun İsgəndərovun atası Xaləddin İsgəndərov, hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhid ailələri, qazilər, müharibə iştirakçıları, idarə, müəssisə, təşkilat sədrləri, ictimaiyyət nümayəndələri, ziyalılar və gənclər iştirak ediblər.
Əvvəlcə şəhidlərin xatirəsinə ucaldılmış Samux şəhidləri Kompleksi ziyarət edilib, üzərinə gül dəstələri düzülüb və şəhidlərin ruhuna dualar oxunub.
8 Noyabr – Zəfər Gününün üçüncü ildönümü ilə əlaqədar məktəblilərdən ibarət “Şahin” hərbi-idman komandalarının Azərbaycan bayraqları ilə birlikdə hərbi yürüşü keçirilib.
Tədbirdə şəhidlərin xatirəsi 1 dəqiqəlik sükutla yad edilib. Daha sonra Azərbaycan Respublikasının dövlət himni səsləndirilib.
Samux şəhər Heydər Əliyev Mərkəzində məktəblilərin Zəfər Gününə həsr etdikləri rəsm sərgisinə baxış keçirilib.
Tədbirdə “Tarixi Zəfər” mövzusunda çıxış edən Samux Rayon İcra Hakimiyyətinin başçısı Firdovsi Əliyev qeyd edib ki, müasir Azərbaycan dövləti hazırda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə tarixinin ən şanlı günlərini, yeni inkişaf və dirçəliş dövrünü yaşayır. Onun sözlərinə görə, “Dəmir yumruq” kimi birləşmiş Azərbaycan xalqı doğma Qarabağımızın azadlığı uğrunda aparılmış, hər günü qəhrəmanlıq dastanı olan Vətən müharibəsində Böyük Qələbəni müzəffər xalq, qalib dövlət kimi yüksək qürur hissi ilə qeyd edir. Azərbaycanın üçrəngli bayrağı azad edilmiş ərazilərimizdə ucaldılaraq qürurla dalğalanır.
Milli Məclisin deputatı Nizami Səfərov çıxış edərək bildirib ki, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusu böyük şücaət və yüksək döyüş hazırlığı göstərərək 27 sentyabr 2020-ci il tarixdən başlayaraq 44 gün müddətində torpaqlarımızı işğaldan, düşmən tapdağından azad edib. O vurğulayıb ki, Vətən müharibəsində tarix yazmış əsgər və zabitlərimiz Azərbaycanın haqq uğrunda mübarizə aparmaq əzmini, əsl döyüş ruhunu bütün dünyaya nümayiş etdirib.
Digər çıxış edən natiqlər də Azərbaycan xalqının dövlət başçısının ətrafında sıx birləşərək bütün dünyaya öz gücünü, mətinliyinü və mübarizliyini nümayiş etdirdiyini vurğulayıblar.
Daha sonra bayram konserti təşkil edilib. Konsertin sonunda atəşfəşanlıq olub.