Mövsüm dəyişikliyi ilə əlaqədar olaraq, əhali arasında bir çox xəstəliklər özünü biruzə verir. Xüsusilə də, bu hal azyaşlı uşaqlarda daha çox müşahidə edilir. Bəs görəsən, fəsil dəyişikliyinin səbəb olduğu xəstəliklər hansılardır? Bu xəstəliklərin qarşısını almaq üçün nə etməliyik?
Missiya.Az-a açıqlama verən pediatr-reanimatoloq Qoşqar İsmayılov bildirib ki, hər il ən çox görülən mövsümü xəstəliklər məhz elə bu fəsildə qeydə alınır:
“Həmin xəstəliklər, yuxarı və aşağı tənəffüs yollarının infeksion xəstəlikləridir. Mədə-bağırsaq xəstəliklərinin az da olsa fəallaşması, həmçinin mədə xorasının kəskinləşməsi də bu fəslin xəstəlikləri sırasına daxildir. Qrip, paraqrip dediyimiz viruslar var ki, bu xəstəliyə bağça uşaqları və məktəblilər arasında rast gəlinir. Buna görə, pediatr qeyd edib ki, burun axması, öskürək, gözlərdə müəyyən qədər qızartı, halsızlıq, temperaturun 38, bəzən 39 olması kimi simptomlar özünü göstərdikdə mütləq həkimə müraciət etmək lazımdır. Həkim müayinə edəcək və buna uyğun tədbirlər görəcək. Bura təbii ki, vitamin terapiya, immun sistemini möhkəmləndirən preparatlar, simptomatik müalicə və s. aiddir".
Mütəxəssisin sözlərinə görə, payız xəstəliklərinin qarşısını almaq üçün güclü immunitet sistemi lazımdır:
“Bədən müqavimətini qaldırmaq üçün təbii qidalanmaya, mövsümü meyvələrə üstünlük vermək, yuxu rejiminə düzgün riayət etmək lazımdır. Əsasən də, tərkibində C vitamini olan qidalardan çox istifadə etmək lazımdır. Çunki, C vitamini bədəndəki zərərli maddələrin atılmasını təmin edir. Allergen təsirlərə malik maddələrdən uzaq olmaq və çoxlu maye içmək məsləhətdir”.
Payızda dəyişkən hava şəraiti ilə əlaqədar olaraq, insanların geyimlərini düzgün seçməməsi də xəstəliklərə yoluxma hallarını artırır. İnsanlar bunu nəzərə almalı, sağlamlıqlarının qeydinə qalmalıdılar.
Leyla SƏMƏNDƏR
Missiya.Az