Azərbaycan Daxili İşlər Nazirliyinin əməkdaşlarının, eyni zamanda müxtəlif dövlət qurmlarını təmsil edən mülki vətəndaşlarımızın erməni terrorçuları tərəfindən şəhid edilməsindən sonra dövlət antiterror tədbirləri başlatmaq məcburiyyətində qaldı.
Qəhrəman Azərbaycan əsgəri 24 saat ərzində terrorçuları təslim olmağa məcbur etdi. Azərbaycan ordusunun bu addımı da dərsliklərə salınacaq səviyyədədir. Təbii ki, şəhid və qazilərimiz var.
Allah şəhdlərimizə rəhmət eləsin, qazilərimizə isə can sağlığı versin! Ermənistanın “Mənim şərəfim var” fraksiyasının deputatı Tiqran Abramyanın jurnalistlərə müsahibəsi zamanı səsləndidiyi fikirlər Azərbaycan əsgərinin qəhrəmanlığını erməni cəmiyyətinin anlaması üçün də daha aydın təsəvvür yaradır.
Abramyan deyir: “Sentyabrın 19-da Qarabağda düyüşlərin ilkin mərhələsində Azərbaycan dronları çox fəal idi. Həmin vaxt onların aviasiyası da mükəmməl işləyirdi. Quru əməliyyatları tamamilə Azərbaycanın gücləndirilmiş xüsusi təyinatlı bölmələri tərəfindən həyata keçirilib. Silah və təchizat çatışmazlığı ilə üzləşən qüvvələrimizin Azərbaycan xüsusi təyinatlılarına qarşı döyüşməsi imkansız idi”.
Bəli bu gün Azərbaycan əsgərinin peşəkarlığı, döyüş ruhu, vətənpərvərliyi, cəsarəti, psixoloji hazırlığı o səviyyədədir ki, ona qarşı döyüşmək imkansızdır. Artıq bunu ermənilər də bilir və etiraf etmək məcburiyyətində qalırlar.
Müdafiə naziri general-polkovnik Zakir Həsənovun Azərbaycanın Qarabağ bölgəsində keçirilən lokal xarakterli antiterror tədbirləri zamanı bütün istiqamətlər üzrə hərbi uğurlar qazanıldığını açıqlaması ordumuzun döyüş hazırlığının yüksk səviyyədə olduğunu təsdiqləyir.
Z.Həsənov bu barədə Türkiyənin milli müdafiə naziri Yaşar Gülerlə telefon danışığı zamanı bildirib ki, antiterror tədbirləri zamanı hərbçilərimizin qəhrəmanlıq, şücaət və peşəkarlığının Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev tərəfindən yüksək qiymətləndirilib.
Gürcüstan Parlamentinin sabiq deputatı Azər Süleymanov bildirib ki, Prezident İlham Əliyevin apardığı ordu islahatlarının intensivliyi və dəqiqliyi dünyanın ən hazırlıqlı ordusu sırasında Azərbaycan əsgərinin də yer alması bizlərə verilən ən böyük qurur hissidir: “Azərbaycan Ordusunun 44 gün ərzində Şuşanın azad olması ilə bitən qələbəsi, bir günə Xankəndini qaytarması və bu sevinci dünyadakı soydaşlarımıza ərmağan etməsi nə qədər sevincimizə sevinc qatsa da, bu yolda canından keçən Şəhidlərimizin də ruhunu daim əziz tutacaq və unutmayacağıq. Allah Şəhidlərimizə rəhmət eləsin, Qazilərimizə şəfa versin! Əziz Azərbaycan Xalqı! Mən də Sizlərdən biri kimi hamımızı, başda Ali Baş Komandan cənab İlham Əliyevi Bütünləşməş Bütövləşmiş Azərbaycan Günü - Böyük Zəfər münasibətilə təbrik edirəm, bütün cəbhə boyunca qanı bahasına düşməni torpaqlarımızdan vurub çıxardan Azərbaycan əsgərini Allah qorusun, yolunu müzəffər eləsin! Zəfərin Mübarək Azərbaycan!”.
Təbii ki, bu qələbə bütün dünya azərbaycanlılarına qürur hissi yaşadır. Ordumuz xalqımızın güvənc yeridir və ordunu formalaşdıran hərbçilərimizin peşəkarlığı ilə cəsarətinin, vətənpərvərliyinin vəhdəti yenilməz güc formalaşdırır. Siyasi şərhçi Əziz Əlibəyli deyib ki, hərbi akt öz şüarlarını yaradır. Onun sözlərinə görə, bizim əsgərimiz İran əsgəri kimi və ya başqa bu cür teoloji ideologiyaların daşıyıcısı deyil: “Çünki bizim davamızın hekayəsi fərqlidir. Soy müaribəsidir, torpaq üzərinə dəyən qədəmlərimizi qorumaq savaşıdır, türk (ümumi anlamda) olduğumuza görə öldürülməyimizə qarşı müqavimət savaşıdır. Bəs, vətən savaşı bizim ordu üçün nə yaratdı? Bayaq bir video gördüm, güman ki, əməliyyat bitdikdən sonra çəkilib. Bir ağızla xorla nərə çəkirlər: “Zəfər bizimdir”, “Qarabağ Azərbaycandır”. Belə-belə yaranır, əvvəl prezident dedi, sosiallaşdırdı, indi əsgərlər bunu savaş şüarına çevirdi”.
Təbii ki, əsgərlərimizin qəhrəmanlığı haqqında deyilənlər pafos və gəlişigözəl söz deyil, gerçəklikdir. Bunu anlamaq üçün gözündən yaralanmasını və qan içində olmasını gülə-gülə qarşılayan hərbçimizin videosunu izləmək yetərlidir.
Millət vəkili Nəsib Məhəməliyev isə deyib ki, sözlə ifadə olunmayacaq tarixi anlar yaşayırıq: “Cəmi, 24 saat ərzində keçirilmiş anti-terror tədbirləri nəticəsində, 150 ildən bəri süni şəkildə üfürülüb şişirdilmiş hayların dizi yerə qoyuldu. Alnımızdan məğlub xalq damğası birdəfəlik götürüldü. Gələcək nəsillərə qəhrəman xalq, qürurlu azərbaycanlı obrazı kimi şərəfli miras qoyuldu. Dünya erməniliyi sındırıldı, onların satın aldığı lobbi təşkilatlarına sarsılmaz zərbə vuruldu. Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə şəfa versin. Şərəfli tarixin memarı, Müzəffər Ali Baş Komandan İlham Əliyev xalqa müraciətində antiterror tədbirlərinin keçirilmə zərurəti, əməliyyatlar zamanı mülki əhalinin təhlükəsizliyinin təmin olunması, geosiyasi mürəkkəbliklər və reallıqlar barədə geniş məlumat verdi. Eyni zamanda, Qarabağda yaşayan erməni əhalisinə və Ermənistana növbəti dəfə mesajlarını çatdırdı...”.
Əli
Yazı Türk Ağsaqqalları Arasında Əlaqələrin İnkişafı İctimai Birliyinin Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirdiyi “Vətəndaş hazırlığının təşkili” layihəsi çərçivəsində hazırlanıb.