Azərbaycanın XİN başçısının müavini Fariz Rzayev avstriyalı rəsmiləri Ermənistanın təxribatları barədə məlumatlandırıb.
Missiya. Az xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyindən məlumat verilib.
Bildirilib ki, avqustun 22-25-də Azərbaycanın xarici işlər nazirinin müavini Fariz Rzayevin Avstriyaya səfəri baş tutub. Səfər zamanı F.Rzayev Avstriyanın Avropa və Beynəlxalq Məsələlər üzrə Federal Nazirliyinin baş katibi Peter Launskiy-Tiffenthal, Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) baş direktoru Rafael Qrossi, BMT-nin Kosmik Fəza Məsələləri İdarəsinin (UNOOSA) direktoru vəzifələrini icra edən Niklas Hedman ilə ikitərəfli görüşlər keçirib, BMT-nin Vyana bölməsində “Azərbaycanın kosmik fəzada yeri: 74-cü Beynəlxalq Avtronovtika Konqresi, Bakı Azərbaycan” başlığı altında keçirilən sərginin açılış mərasimində iştirak edib.
Avstriyanın Avropa və Beynəlxalq Məsələlər üzrə Federal Nazirliyinin baş katibi Peter Launskiy-Tiffenthal ilə keçirilmiş görüşdə Azərbaycan ilə Avstriya arasında ikitərəfli münasibətlər, siyasi, iqtisadi, və humanitar sahələrdə, o cümlədən beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığın hazırkı vəziyyəti və inkişaf perspektivləri müzakirə edilib.
Qarşı tərəf post-münaqişə dövründə bölgədə mövcud vəziyyət, Azərbaycanın regionda sülh və təhlükəsizliyin bərqərar edilməsi istiqamətində davamlı fəaliyyəti, habelə Ermənistan tərəfindən törədilən təxribatlar barədə məlumatlandırılıb.
Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin baş direktoru Rafael Qrossi ilə baş tutmuş görüş zamanı Azərbaycan ilə AEBA arasında inkişaf edən əməkdaşlıq münasibətləri, nüvə texnologiyalarının sülh məqsədləri üçün istifadəsi, AEBA-nın texniki əməkdaşlıq proqramı çərçivəsində Azərbaycanda həyata keçirilən layihələr, o cümlədən, kənd təsərrüfatı sahəsində nüvə texnologiyalarının tətbiqi ilə əldə olunan uğurlu təcrübələr barədə geniş müzakirələr aparılıb.
BMT-nin Kosmik Fəza Məsələləri İdarəsinin direktoru vəzifələrini icra edən Niklas Hedman ilə keçirilmiş görüşdə UNOOSA ilə Azərbaycan arasında mövcud olan uğurlu əməkdaşlıq münasibətlərinə diqqət çəkilib. Son dövrlər Azərbaycanın kosmik sənaye sahəsində sürətlə inkişaf edən ölkələrdən birinə çevrildiyi və mühüm uğurlara imza atdığı vurğulanıb. Kosmik sənaye sahəsində dünyada ən böyük tədbir olan Beynəlxalq Astronavtika Konqresinin Azərbaycanda keçirilməsinin bunun bariz nümunəsi olduğu bildirilib.
Səfər çərçivəsində F.Rzayev BMT-nin Vyana bölməsində “Azərbaycanın kosmik fəzada rolu: 74-cü Beynəlxalq Astronavtika Konqresi, Bakı Azərbaycan” başlığı altında keçirilən sərginin açılış mərasimində iştirak edib.
Tədbirdə çıxış edən nazir müavini Azərbaycanın kosmik sənaye fəaliyyətləri barədə ətraflı məlumat verib.
F.Rzayev 2023-cü ilin Azərbaycanda Heydər Əliyev ili elan olduğunu vurğulayaraq, məhz bu il 74-cü Beynəlxalq Astronavtika Konqresinin Bakıda keçirilməsinin ümummilli liderin anadan olmasının 100 illiyinə təsadüf etməsinin ölkəmiz üçün əhəmiyyətini diqqətə çatdırıb. Həmçinin qeyd olunub ki, məhz 50 il əvvəl, 1973-cü ildə Azərbaycan Respublikasının ümummilli lideri Heydər Əliyevin Azərbaycana rəhbərliyi zamanı ölkəmiz 24-cü Beynəlxalq Astronavtika Konqresinə ev sahibliyi edib.
F.Rzayev 2023-cü ilin Azərbaycanda Heydər Əliyev ili elan olduğunu vurğulayaraq, məhz bu il 74-cü Beynəlxalq Astronavtika Konqresinin Bakıda keçirilməsinin ümummilli liderin anadan olmasının 100 illiyinə təsadüf etməsinin ölkəmiz üçün əhəmiyyətini diqqətə çatdırıb. Həmçinin qeyd olunub ki, məhz 50 il əvvəl, 1973-cü ildə Azərbaycan Respublikasının ümummilli lideri Heydər Əliyevin Azərbaycana rəhbərliyi zamanı ölkəmiz 24-cü Beynəlxalq Astronavtika Konqresinə ev sahibliyi edib.
F.Rzayev ölkəmizin müstəqilliyinin ilk illərində ümummilli liderin Azərbaycanın həyatında oynadığı misilsiz rol barədə məlumat verib və bu gün ölkəmizin bütün sahələrdə, o cümlədən kosmik sənaye sahəsində əldə etdiyi nailiyyətlərinin H.Əliyevin uzaqgörən siyasətinin və strategiyasının bəhrəsi olduğunu vurğulayıb.
Həmçinin, Azərbaycanın kosmik fəza sahəsində əldə etdiyi təcrübə və uğurların işğaldan azad edilmiş ərazilərimizin bərpası və yenidən qurulması istiqamətində müvəffəqiyyətlə tətbiq edildiyi bildirilib.
Tədbirdə, BMT-nin Kosmik Fəza Məsələləri İdarəsinin direktoru vəzifələrini icra edən Niklas Hedman, BMT-nin Vyana ofisinin icraçı direktoru adından tədbirdə iştirak edən Jan Luc Lemahieu, 74-cü Beynəlxalq Astronavtika Konqresinin layihə rəhbəri və Azərkosmos-un departament rəhbəri Rəna Cəfərova, Beynəlxalq Astronavtika Federasiyasının keçmiş prezidenti Paskal Ehrenfreund və digər qonaqlar çıxış edib və Azərbaycanın kosmik sahədə əldə etdiyi nailiyyətlərə və Bakıda keçiriləcək 74-cü Beynəlxalq Astronavtika Konqresinin əhəmiyyəti vurğulanıb.