AZ   |   RU
Humanizm, nəciblik və xeyirxahlığın simvolu


Azərbaycan qadını tarixin bütün dövrlərindən tutmuş bu günümüzə kimi fəallıq nümayiş etdirərək cəmiyyətimizin inkişafına töhfələrini verməklə kişilərlə bərabər daim öndə durmağı bacarıb. 


Azərbaycan mədəniyyətinin və  elminin inkişafında, o cümlədən milli-mədəni ənənələrimizin zənginləşdirilməsində qadınlarımızın xüsusi dəst-xətti vardır. Qadınlarımız hər zaman xalqın taleyüklü məsələlərinin həllinə  töhfələrini verərək nəyə qadir olduqlarını fəaliyyətləri ilə sübut etmişlər. Cəmiyyətimizin böyük qüvvəsi olan qadınlarımız qürur yerimizdir.

    Xalqımızın Ümummilli Lideri Heydər Əliyev haqlı olaraq qeyd edirdi ki, Azərbaycan qadını öz ağlına, zəkasına, düşüncə və istedadına görə dünya qadınları arasında özünəməxsus yer tutur. Ona görə də biz qadınlarımızla fəxr edirik.

Dövrümüzdə humanist fəaliyyəti ilə seçilən, həmçinin, elm, təhsil, səhiyyə sahələrində respublikada və beynəlxalq miqyasda böyük işlər görən Azərbaycanın birinci xanımı, respublikanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun rəhbəri Mehriban Əliyeva qəhrəman Azərbaycan qadınının müasir obrazıdır. Azərbaycan qadınının dünyəvi imicinin yaranmasında Mehriban Əliyevanın ictimai-siyasi fəaliyyəti mühüm və əvəzsiz rol oynayır.

Fəaliyyətində ənənəviliklə müasirliyin, tarixi köklərə bağlılıqla dünyəviliyin prinsiplərini əsas tutan ölkəmizin birinci xanımı humanizmi, nəcibliyi, xeyirxahlığı və bənzərsiz ictimai, siyasi fəaliyyəti ilə tariximizin şanlı salnaməsinə öz dəst-xəti ilə daxil olan şəxsiyyətlərdən biridir.

Mehriban xanım Heydər Əliyev Fondunun rəhbəri olaraq Ümummilli Liderin xalqımız və Vətənimizin tərəqqisi üçün gördüyü böyük işləri yüksək səviyyədə davam etdirir. Fəaliyyəti bəşəri ideallara sədaqət nümunəsi olan Fond irimiqyaslı və möhtəşəm layihələr həyata keçirməklə ölkəmizdə, eləcə də qlobal miqyasda nəcib aksiyaları ilə hər zaman diqqət mərkəzində olub. Təsadüfi deyil ki, Prezident İlham Əliyev Fondun fəaliyyətini yüksək dəyərləndirərək belə şərh edirdi: “Mehriban Əliyevanın rəhbərliyi ilə Fond nəinki Azərbaycanda, eyni zamanda, regionda görülən işlərin həcminə görə ən böyük ictimai təşkilata çevrilmişdir”.

     Milli-bəşəri ideyaların tərənnümçüsü və daşıyıcısı olan Mehriban Əliyevanın çoxşaxəli fəaliyyəti təkcə ölkənin ictimai-sosial, mədəni həyatını əhatə etməklə bitmir, həm də Azərbaycanın ənənələrini, multikultural, milli-mənəvi dəyərlərini, mədəniyyətini bütün dünyaya özünəməxsus bir vətənpərvərliklə təqdim edir. 

Mehriban xanımın zəngin dəyərlərimizin qorunması, onların təbliği istiqamətindəki fəaliyyəti hər birimiz üçün örnəkdir.

Onun fəaliyyəti sayəsində unudulmaqda olan bənzərsiz xəzinəmiz muğam sənəti xilas edildi. Belə ki, Mehriban xanım milli - mənəvi sərvətimiz olan muğamı qorumaq və yaşatmaqla yanaşı, onu dünya musiqi xəzinəsinin incisi, mədəni brendimiz kimi dünyaya uğurla təqdim edə bildi. 

Muğam sənətinin qorunması ilə bərabər, mədəni irs nümunələrinin, aşıq sənəti və Novruz bayramının YUNESKO-nun siyahısına daxil edilməsi də Mehriban xanımın gördüyü böyük miqyaslı işlərin nəticəsidir.

Qeyd olunanlarla yanaşı, Mehriban xanım Əliyevanın rəhbərliyi ilə səhiyyə, mədəniyyət, sosial, ekologiya, həmçinin idman sahələrində geniş və möhtəşəm layihələr həyata keçirilib ki, bu da böyük məmnunluq doğurur. 

Mehriban xanımın çoxşaxəli və fövqəl fəaliyyəti sayəsində birinci Avropa Oyunları Azərbaycanda yüksək peşəkarlıqla təşkil olundu. Təşkilat Komitəsinin rəhbəri kimi Mehriban xanımın bacarığı, iradəsi, yüksək peşəkarlığı, Oyunların açılış və bağlanış mərasimlərində etdiyi çıxışlar dünyada Azərbaycan qadınının fədakarlığı ilə yadda qaldı. Dünya onun timsalında Azərbaycan qadınının işgüzarlığının və peşəkarlığının bir daha şahidi oldu. Müasir Azərbaycan qadınının ideal obrazı olan Mehriban xanım insanpərvər, humanizm, şəfqət ünvanı kimi təkcə biz azərbaycanlılar üçün deyil, bütövlükdə ümumbəşəri dəyərdir.

Çünki Mehriban xanım Əliyevanın fəaliyyətini izlədikcə, gördükcə hər addımda humanizmin və vətəndaş təəssübkeşliyinin şahidi oluruq. Uğurlu fəaliyyəti ilə Azərbaycanı beynəlxalq aləmdə şərəfləndirən Mehriban xanım hər birimiz üçün əvəzsiz insandır. 


Emin Bağırov

Elm və Təhsil Nazirliyinin Riyaziyyat və Mexanika İnstitutunun böyük elmi işçisi, siyasi şərhçi



  • 26-08-2023, 13:42