Bildiyimiz kimi cari ilin 22 avqust tarixində Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyevin Azərbaycana rəsmi səfəri olmuşdur.
Əlbətdə ki, Şavkat Mirziyoyevin Özbəkistan Respublikasının Prezidenti seçilməsindən sonra ilk dövlət səfərinin məhz Azərbaycana etməsi əlamətdar haldır. Sözügedən fakt bizim qardaşlığımızın, dostluğumuzun və qarşılıqlı hörmətin göstəricisi kimi qiymətləndirilməlidir.
Geniş tərkibli təşkil olunmuş səfər çərçivəsində bir çox əlamətdar tədbirlər keçirilmişdir. Görüşlər zamanı qarşılıqlı fəaliyyətimizin möhkəmlənməsi istiqamətində bütün nailiyyətlər ətraflı təhlil edilmiş və iki ölkə arasında beynəlxalq platformalarda birgə fəaliyyətdən başlayaraq, energetika, nəqliyyat, qarşılıqlı iqtisadi fəaliyyət, humanitar məsələlərədək münasibətlərimizin gələcək inkişaf yolları dəyərləndirilmişdir.
Münasibətlərimizin belə dərin köklərə söykənməsi bizim qədim tarixə əsaslanan qarşılıqlı dostluq və qardaşlıq münasibətlərinin davamıdır. Keçən dövrlər ərzində ölkələrimiz arasında bütün istiqamətlərdə mövcud olan əməkdaşlıq çox məhsuldar və səmərəli keçmişdir.
Özbəkistanla münasibətlərimiz son dövrlərdə tamamilə başqa səviyyəyə yüksəlmişdir. Əlbətdə burda hər iki ölkənin liderinin-Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyevin xüsusi xidmətlərinin olduğunu hər birimiz çox yaxşı anlayırıq. Münasibətlərimizin daha da dərinləşməsi hər iki ölkənin xalqları tərəfindən böyük məmnunluqla dəstəklənir. Bundan əlavə Özbəkistanda Azərbaycan xalqının dahi oğlu, böyük siyasətçi ulu öndər Heydər Əliyevin əziz xatirəsi daima yüksək ehtiramla yad edilir. Ümummilli lider Heydər Əliyevin 100 illiyi çərçivəsində Özbəkistanda da bir çox tədbirlər təşkil olunur. İki qardaş ölkə arasında əlaqələrin inkişafında və dövlətlərarası münasibətlərin formalaşmasında Ulu Öndər Heydər Əliyevin və Özbəkistanın sabiq Prezidenti İslam Kərimovun müstəsna xidmətləri olmuşdur.
Avqustun 23-də Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev işğaldan azad olunmuş Füzuli və Şuşa şəhərinə səfər etmişdir. Ali qonaq Özbəkistan dövlətinin dəstəyi ilə özbək xalqı tərəfindən Azərbaycan xalqına hədiyyə olunmuş Füzuli şəhərində 960 şagird yerlik yeni inşa olunan Mirzə Uluqbəy adına 1 nömrəli tam orta məktəbin açılışında iştirak etmişdir. Əminik ki, bu təhsil ocağı ölkələrimiz arasında zamanın sınağından çıxmış dostluq və qardaşlığın və həmrəyliyin mərkəzi olacaqdır. Füzuli şəhərində görülən tikinti-quruculuq işləri tanışlıqdan sonra sonra mədəniyyət paytaxtımız Şuşaya səfər edilmiş və orda olan bir çox tarixi-memarlıq abidələri ilə yaxından tanış olunmuşdur. Özbəkistan Prezidentinin işğaldan azad edilən ərazilərə səfəri qardaş ölkənin Azərbaycanın həyata keçirdiyi bərpa-quruculuq işlərinə töhfə və dəstəyinin daha bir göstəricisidir.
Mərkəzi Asiyanın ən böyük dövlətlərindən olan və sürətlə inkişaf edən Özbəkistan ilə Azərbaycan arasında enerji və nəqliyyat-logistika sahəsində səmərəli əməkdaşlıq üçün yaxşı perspektivlər var və bu əlaqələr xüsusilə son illərdə durmadan genişlənir. Çünki ayrı-ayrılıqda həm Azərbaycan, həm də Özbəkistan sürətlə inkişaf edən güclü sənaye dövlətinə çevrilir.
Səfər çərçivəsində imzalanan sənədlər ölkələrimiz arasında münasibətlərin yüksək səviyyəsinin, qardaşlıq münasibətlərinin və bizim gələcəklə bağlı düzgün yolda olduğumuzu göstərir.
Mühüm nəqliyyat marşrutlarının üzərində yerləşən Azərbaycan və Özbəkistan, eləcə də digər Orta Asiya ölkələri ilə gündən-günə daha da möhkəmlənən əməkdaşlıq həm ölkələrimizin və xalqlarımızın, həm də bütün Türk dünyasının inkişafına əhəmiyyətli töhfələr verməkdədir.
Eldəniz Zeynalov
Nizami Rayon İcra Hakimiyyətinin məsul əməkdaşı