AZ   |   RU
Putinin Paşinyanla görüşdə işlətdiyi ifadə erməniləri qorxuya saldı - Azərbaycana yeni ərazilər verilir?

Rusiya prezidenti Vladimir Putinin Ermənistanın baş naziri vəzifəsini icra edən Nikol Paşinyanla görüş zamanı işlətdiyi “Paşinyan, bu qələbə sayəsində kəskin, mürəkkəb və həssas problemləri həll etmək, qərarlar qəbul etmək üçün xalqın dəstəyini aldı” ifadəsini işlətməsi erməni mediasında müzakirələrə səbəb olub. 

Missiya.Az
xəbər verir ki, “Politik.am” saytında dərc olunan yazıda müəllif bu ifadəni “qorxunc” adlandırıb. 

Sitat: “Ötən gün erməni tamaşaçılar Vladimir Putinin Kremldə Ermənistanın baş naziri vəzifəsini icra edən Nikol Paşinyanla görüş zamanı “kəskin, həssas və mürəkkəb mövzularda qərarlar” qəbul edilməli olduğuna eyham vurması faktını qaçırmadı. Düzü bu işarə qorxucdur. Rusiya prezidenti Nikol Paşinyana nə demək istəyirdi? Başqa hansı kəskin, mürəkkəb və həssas məsələlərdə qərar verilməlidir? Erməni xalqını hansı “sürprizlər” gözləyir?” – sitatın sonu. 

Müəllif İkinci Qarabağ Müharibəsindəki məğlubiyyətə və sonra Ermənistanda baş verən proseslərə toxunub. 

Sitat: “Ötən il sentyabrın sonunda məğlubiyyət yaşadığımız bir müharibə ilə qarşılaşdıq, böyük acılar yaşadıq, 5 mindən çox qurban verdik və minlərlə əlilimiz var. Həmçinin Qarabağı itirdik. Biz gördük ki, Azərbaycan Silahlı Qüvvələri Ermənistan ərazisini nəzarətə götürür və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) heç bir reaksiya vermir” – sitatın sonu. 

Yazıda Ermənistanın yetəri qədər itkilər verdiyi qeyd olunur və bildirilir ki,  Putinin Paşinyanla görüşdə işlətdiyi “kəskin, mürəkkəb və həssas qərarlar” ifadəsi ciddi suallar yaradır. 

“İndi sual ortaya çıxır ki, bizim bilmədiyimiz hansı kəskin, mürəkkəb və həssas qərarlar qəbul edilə bilər? Bu, yeni ərazilərin təhvil verilməsi demək deyilmi, yoxsa Ermənistan dövlətçiliyinin sonu çatıb?” – sitatın sonu. 

Müəllif Paşinyanın Rusiyadan qayıtdıqdan sonra 3-cü Ordu Korpusunun komandiri Qriqori Xaçaturovu istefaya göndərməsinə diqqət çəkib. Qeyd olunub ki, bu qərar yaxınlaşan təhlükəni açıq şəkildə göstərir. 

Sitat: “Əslində, Paşinyan Baş Qərargah itaət etdikdən sonra ordunu itaətsizliyə çağıran və onun istefasını tələb edən generaldan canını qurtardı. Xaçaturovun istefaya göndərilməsi Tavuş bölgəsindəki Azərbaycan anklavlarının təhvil veriləcəyi ilə bağlı qorxuları artırır” – sitatın sonu.   

Qeyd edək ki, 3-cü ordu korpusunun komandiri general-mayor Qriqori Xaçaturov Tavuş istiqamətindəki bölmələrə rəhbərlik edirdi. Vəzifəsindən azad edilən komandir Paşinyan hakimiyyətə gəldikdən sonra həbsə atdığı, KTMT-nin keçmiş baş katibi Yuri Xaçaturovun oğludur. O, bu ilin fevral ayında Paşinyanın istefasını tələb edən generallardan biri idi. 

Elvin
Missiya.Az


  • 9-07-2021, 11:21