AZ   |   RU
Üçtərəfli bəyanatlarda mina xəritələrinin Azərbaycana verilməsinə dair bənd varmı? - Erməni mediasında çaşqınlıq

“Baş nazir Nikol Paşinyan mina xəritələrini təhvil verməklə həmin ərazilərdə məskunlaşmanı sürətləndirmək üçün Azərbaycana kömək edir”. 

Missiya.Az
xəbər verir ki, bu barədə “Hayeli.am” saytında dərc olunan yazıda qeyd edilib. 

Müəllif yazır ki, nə 10 noyabr, nə də 11 yanvar üçtərəfli bəyanatlarında mina xəritələrinin Azərbaycana verilməsi ilə bağlı bir bənd belə yoxdur.

Sitat: “Anlaşılmaz məqam odur ki, mina xəritələri üçtərəfli bəyanatların hansı bəndinə uyğun olaraq Azərbaycana verilir. Üstəlik, Paşinyan mina xəritələrini asanlıqla Azərbaycana təhvil versə də, əsirlərin hamısını geri qaytara bilmir. Azərbaycan erməni hərbi əsirlərin növbəti partiyasını geri qaytarmağın qarşılığında vacib və strateji əhəmiyyəti olan ərazilərin mina xəritələrini almağı bacarır. Azərbaycan Ermənistanı mina xəritələrini təhvil verməyə məcbur edir”.

Müəllif yazır ki, mina xəritələri dövlət sirri hesab olunur. Paşinyan dövlət sirrini Azərbaycana təhvil verməklə vətənə xəyanət etmiş olur. Ona görə də həm prosesdə iştirak edən Nikol Paşinyan, həm də ordu və xüsusi xidmət orqanlarının əməkdaşları mühakimə olunacaqdır.  

Yazıda qeyd olunub ki, Paşinyan 10 noyabr alçaldıcı razılaşması ilə Kəlbəcər və Laçın rayonlarını, həmçinin Ağdərə rayonunun müdafiəsi üçün əhəmiyyətə malik Ağdamı Azərbaycana təhvil verib.

Sitat: “Bundan başqa, xəyanətkar Paşinyan hakimiyyəti 10 noyabr bəyanatında bəhs edilməyən Sünikin mövqelərini, digər strateji əhəmiyyətə malik yaşayış məntəqələrini, təbii sərvətlərini və əhəmiyyətli yüksəklikləri Azərbaycana verib” – sitatın sonu. 

Elvin
Missiya.Az


  • 5-07-2021, 16:27