AZ   |   RU
Azərbaycan təkbaşına Qarabağın quruculuğuna 12 milyard xərcləyir


Azərbaycan Prezidenti İlham Əliyevin sədrliyi ilə 2023-cü ilin altı ayının sosial-iqtisadi yekunlarına həsr olunmuş iyulun 11-də keçirilən müşavirədə bu gerçək bir daha təsdiqini tapdı.

Dövlət büdcəsi record həddə, 36 milyard manatdan çox olan səviyyəyə yüksəlib. Əlavə edilən 3 milyard manatdan çox vəsaitin 1,8 milyard manat hissəsi Qarabağın və Şərqi Zəngəzurun bərpa edilməsinə, 1,1 milyard manat isə hərbi potensialımızın güclənməsinə istiqamətlənib.

Prezident bildirib ki, hər şey nəzərdə tutulandan daha sürətlə icra edilir: “Bütün güclərimizi səfərbər etmişik. Artıq bu il Talış kəndinə və Laçın şəhərinə keçmiş məcburi köçkünlərin qayıtmasını təmin etmişik. İlin sonuna qədər Laçın şəhərinin Zabux və Sus kəndlərinə də keçmiş məcburi köçkünlər qayıdacaqlar. Qayıdış proqramı ardıcıllıqla aparılır və beləliklə, ilin sonuna qədər bizim artıq beş yaşayış məntəqəmizdə - bir şəhər və dörd kəndimizdə vətəndaşlar öz dədə-baba torpaqlarında tam məskunlaşacaqlar. Bütövlükdə Böyük Qayıdış proqramının birinci mərhələsində 100 yaşayış məntəqəsinin yenidən qurulması nəzərdə tutulur. Mən şəxsən 30 yaşayış məntəqəsinin - 8 şəhər, 22 qəsəbə və kəndin təməlinin qoyulmasında iştirak etmişəm. Baş planlar hazırlanıb təsdiqlənib, bir çox yerlərdə fəal inşaat işləri aparılır. Təbii ki, ilk növbədə, infrastruktur layihələri icra olunur. Çünki bu layihələr icra edilmədən biz vətəndaşları qaytara bilmərik. Eyni zamanda, yaşayış evlərinin inşası sürətlə gedir. Mən Laçın şəhərinin timsalında bunu deyə bilərəm ki, cəmi səkkiz ay ərzində şəhərin böyük hissəsi tamamilə bərpa edilib və yeddi yüzdən çox ailə üçün burada həm fərdi evlər, həm çoxmənzilli evlər hazırlanır. Laçın şəhərinin gələcək inkişaf planı ilə bağlı əlavə addımlar da atılacaq”.

Bu işlər ölkə başçısının fəaliyyətində birinci yerdə dayanır, Prezidentin rəhbərliyi ilə bütün işlərə ciddi nəzarət olunur. Ərazilərdə ən yüksək standartlar tətbiq edilir. “Bütövlükdə nəzərdə tutulmuş investisiya proqramı əsasında bu ilin sonuna qədər Qarabağ və Şərqi Zəngəzura biz təqribən 12 milyard manata qədər vəsaitin xərclənməsini təmin edəcəyik. Onu da bildirməliyəm ki, görülən bütün işlər Azərbaycan hesabına həyata keçirilir. İki məktəb istisna olmaqla, qalan bütün infrastruktur, inşaat işləri Azərbaycanın büdcəsi hesabına və Azərbaycanın dövlət şirkətləri tərəfindən həyata keçirilir. Eyni zamanda, Heydər Əliyev Fondu ondan çox məscidi yenidən inşa edir, yaxud da ki, onları əsaslı şəkildə bərpa edir” – İlham Əliyevin çıxışındandır.

Gələn ilin investisiya proqramı hazırlananda Qarabağın və Şərqi Zəngəzurun investisiya xərclərinə baxılacaq. Ölkə başçısı bildirib, elə etməliyik ki, maliyyə qıtlığı ucbatından vaxt itirməyək: “Yenə də deyirəm bizim maliyyə imkanlarımız genişlənir. Amma o demək deyil ki, bizim bu sahədə problemlərimiz yoxdur. Ölkə qarşısında duran bir çox vəzifələr var. İnfrastruktur layihələri təkcə Qarabağda, Şərqi Zəngəzurda yox, bütün ölkə üzrə həyata keçirilir. Sənaye inkişafı ilə bağlı və digər məsələlərlə bağlı bizim çox böyük maliyyə resurslarımız cəlb edilir, səfərbər olunur. Əlbəttə ki, biz ayrılan hər bir vəsaitə böyük qənaətlə yanaşmalıyıq və şəffaflıq tam təmin edilməlidir - həm büdcə gəlirlərinin toplanmasında, həm də xərclənməsində. Qeyd etdiyim kimi, büdcəyə əlavə edildikdə ikinci əsas istiqamət hərbi gücümüzün artırılmasına istiqamətləndirilmişdir. Bu da təbiidir”.

Nəhəng səviyyəli işləri Azərbaycan təkbaşına həyata keçirir. Bu üzdən hansısa ölkənin üzərimzə gəlməsi, minnət dili ilə danışması mümkünsüzdür. Əksinə, Azərbaycan başqa dövlətlərə dəstək göstərir, bunu təsdiqləyən onlarla faktlar sadalamaq olar.

Bəsirə Həsənzadə  




  • 12-07-2023, 18:00