"Azərbaycanın daxili işlərinə müdaxiləyə heç zaman imkan verilməyəcək".
Missiya.Az xəbər verir ki, bunu Azərbaycan Xarici İşlər Nazilriyinin (XİN) Mətbuat xidməti idarəsinin rəhbəri Ayxan Hacızadə Ermənistan XİN-in martın 18-də Azərbaycan əleyhinə yaydığı bəyanata cavab olaraq bildirib.
Sözçü bildirib ki, 30 illik işğal dövründə beynəlxalq qurumların işğala son qoymaq çağırışlarına və qərarlarına məhəl qoymayan Ermənistan tərəfi həmçinin 44 günlük müharibədən sonra başlatdığı beynəlxalq qurumları özünün revanşist və ərazi bütövlüyünə zidd siyasətinə alət etmək səylərinə son qoymalı, Azərbaycanın beynəlxalq qurumlarla əməkdaşlığı və əlaqələrinə müdaxilə cəhdlərini dərhal dayandırmalıdır:
“Azərbaycan Ermənistanın bütün qanunsuz müdaxilə cəhdlərinə, şantaj və təhdid səylərinə baxmayaraq, öz ərazilərinin işğalına son qoyduqdan sonra həyata keçirdiyi genişmiqyaslı bərpa və quruculuq işləri, məcburi köçkünlərin təhlükəsiz və ləyaqətli geri qayıdışını təmin etmək istiqamətində beynəlxalq ictimaiyyət, o cümlədən BMT-nin ixtisaslaşmış təşkilatları ilə əməkdaşlığını davam etdirir. Ermənistan tərəfinə xatırladırıq ki, BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının nümayəndə heyəti 2021-ci ilin oktyabr ayında işğaldan azad edilmiş ərazilərimiz, o cümlədən Suqovuşan qəsəbəsində Ermənistanın törətdiyi genişmiqyaslı dağıntılarla yerində tanış olub. Azərbaycan Ermənistanın vandallıqlarından fərqli olaraq, apardığı bərpa və yenidənqurma işləri ilə sübut edir ki, bölgənin sahibləri geri dönüb və bu ərazilərdə növbəti təcavüzə cəhdlərin qarşısı alınacaq. Beynəlxalq təşkilatların Azərbaycan ərazisində fəaliyyəti də məhz Azərbaycanın qanunvericiliyi çərçivəsində davam edəcək və Azərbaycanın daxili işlərinə müdaxiləyə heç zaman imkan verilməyəcək”.