Bayramlar içində bir bayram var: ən əziz, ən doğma, ən sevimli bir bayram - Novruz bayramı! Türk xalqlarının ənənələrindən olan Novruz yazın gəlişinin bayram edilməsidir. Artıq üçüncü ildir ki, sevimli ümumxalq bayramı olan Novruz erməni işğalından azad edilmiş ərazilərdə də qeyd olunur.
Novruz başdan-başa ruh yüksəkliyi, əmək coşqunluğu, torpağa, insana məhəbbət bayramıdır. Novruz yazın gəlişinə, torpağı yeni əkinə, yeni məhsula, bolluğa, firavan həyata çağırış bayramıdır. Yeni ilin məhz martın 21-də başlanması tam elmi təsdiqini tapmışdır. Novruzun heç bir dinlə əlaqəsi yoxdur. O, xalqımızın məişəti, adət-ənənəsi, gün-güzəranı, həyat tərzi, təfəkkürü, intellektual səviyyəsi ilə qırılmaz tellərlə bağlı olub. Novruz nəsildən-nəslə, əsrdən-əsrə keçərək milli bayram və xalq mərasimi kimi yaşamaqdadır.
Azərbaycanlıların Novruz, qırğızların Nooruz, özbəklərin Növroz, başqırd türklərinin Nevruz, tatarların Navruz, çuvaşların Naurus, Krım türklərinin Nevrez, Qərbi trakiyalıların Mevris adlandırdıqları bu bayram Şimal yarımkürəsinin bir çox ölkələrində hər ilin mart ayında el bayramı kimi geniş qeyd olunur.
Novruz bir çox türk xalqları ilə bərabər, Azərbaycan xalqının milli-mənəvi varlığını dolğunluğu ilə əks etdirən, ümumxalq səviyyəsində qeyd olunan, etnik təfəkkürün ayrılmaz funksional səviyyəsinə çevrilən bayramdır. Novruz xalqın ortaq duyğu və düşüncələrini dilə gətirən, türk mədəniyyətinin qorunub yaşadılmasında əhəmiyyətli yeri olan qədim el bayramımızdır.
Ən əziz bayramınız mübarək olsun!