Fevralın 18-də Münxen Təhlükəsizlik Konfransı çərçivəsində "Dağları aşmaq? Cənubi Qafqazda təhlükəsizliyin qurulması" mövzusunda plenar iclas keçirilib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva tədbirdə iştirak ediblər.
Münxen Təhlükəsizlik Konfransının sədri Kristof Heusgenin moderatorluq etdiyi plenar iclasda Gürcüstanın Baş naziri İrakli Qaribaşvili, Ermənistan Respublikasının baş naziri Nikol Paşinyan, ATƏT-in Baş katibi, Münxen Təhlükəsizlik Konfransı Şurasının sədr müavini xanım Helqa Maria Şmid də iştirak ediblər.
Plenar iclasda verilmiş sualları Prezident İlham Əliyev məntiqli, tutarlı, faktlara istinad edərək cavablandıraraq mövcud beynəlxalq münasibətlərin dərin analizini verib, xüsusilə də Cənubi Qafqazda davamlı sülhə nail olmasının siyasi yollarını göstərib, bu sahədə Azərbaycanın mövqeyini bildirib.
Rusiyanın Ukraynaya qarşı müdaxiləsinin, müharibəsinin ölkəmizə necə təsir göstərdiyini açıqlayan İlham Əliyev bu müharibənin bizə birbaşa təsiri olmadığını bildirib, lakin birmənalı olaraq ümumi geosiyasi vəziyyət tamamilə dəyişdiyini göstərib və eyni zamanda bəzi ənənəvi tərəfdaşlarla ticari əməkdaşlıq sahəsində müəyyən çətinliklərin yarandığını qeyd edib.
“Biz müharibənin nə olduğunu bilirik. Onun xalqlar üçün nə dərəcədə dağıntılar və əziyyətlər gətirdiyini bilirik. Buna görə, biz təbii ki, istəyirik Avrasiyada sülh bərqərar olunsun. Hesab edirəm ki, Azərbaycan və Ermənistan uzun müddət çəkmiş toqquşmadan uzaqlaşmanı nümayiş etdirməli, qarşılıqlı ədavət və düşmənçiliyə son qoymalıdırlar.
Hazırda biz Ermənistan ilə Azərbaycan arasında sülh sazişi üzərində çalışırıq. Ümid edirik ki, biz bu işi gec yox, tezliklə tamamlayacağıq. Düşünürəm ki, bu, ciddi tarixi fikir ayrılığına malik olan ölkələrin bir araya gəlməsi və düşmənçilik səhifəsinin bağlanmasında yaxşı nümunə ola bilər”- deyə dövlətimizin başçısı bildirib.
Regionda vəziyyətə iki istiqamətli yanaşmanın zəruri olmasını qeyd edən İlham Əliyev birinci istiqamət Azərbaycanla Ermənistan arasında sülh danışıqlarını, ikinci istiqamət isə Azərbaycanın Qarabağdakı erməni əhalisi ilə əlaqələri göstərib. Dövlətimizin başçısı vurğulayıb ki, “Dağlıq Qarabağ (Naqorno Karabax) sözü artıq qüvvədən düşüb, əslində bu, rus sözüdür, “naqorno” dağlıq deməkdir və Azərbaycanda Dağlıq Qarabağ kimi inzibati vahid yoxdur. Ona görə də mən tərəfdaşlarımızdan xahiş etmək istərdim ki, Azərbaycanın suverenliyinə və Konstitusiyasına hörmət etsinlər. Azərbaycanda erməni əhalinin olduğu Qarabağ rayonu var.
Beləliklə, bu, iki istiqamətli həll faktiki olaraq bizim Ermənistanla danışıqlarımızı Qarabağdakı ermənilərlə əlaqələrimiz kimi daxili məsələlərimizdən ayırır. Həmçinin bizim beynəlxalq tərəfdaşlarımızla razılaşdırılıb ki, Qarabağdakı erməni azlığın hüquqları və təhlükəsizliyi ilə bağlı müzakirələr aparılacaq”.
Prezident ilham Əliyev həmçinin qeyd edib ki, “Biz bunu etməyə hazırıq, lakin erməni icmasının Qarabağda doğulmuş və bütün ömrü boyu orada yaşamış nümayəndələri ilə, Qarabağda Rusiyadan rəhbər mövqe tutmaq üçün ixrac edilmiş (exported) şəxslə deyil. Ola bilsin ki, “ixrac edilmiş” düzgün ifadə deyil, mən yəqin ki, “gizli yolla keçirilmiş” ifadəsini üstün tutardım. Çünki heç kim onun Qarabağda necə peyda olduğunu, İrəvana qayıtmağa, oradan Moskvaya və yenidən İrəvana, sonra isə Qarabağa qayıtmağa necə çalışdığını və buna nail olduğunu bilmir. Təkcə bu fakt blokadanın olmadığını göstərir. Blokadanın olmadığını göstərən ikinci fakt ondan ibarətdir ki, dekabrın 12-dən bizim vətəndaş cəmiyyəti fəallarımız keçid məntəqəsinə gələndən indiyədək 2500-dən çox nəqliyyat vasitəsi, o cümlədən Rusiya sülhməramlılarının və Qırmızı Xaçın təmsilçilərinin yük avtomobilləri keçib.
Qarabağdan demək olar ki, 100 pasiyent müalicə üçün Qırmızı Xaç tərəfindən Ermənistana aparılıb. Beləliklə, yol açıq olduğu halda biz bunu necə blokada adlandıra bilərik?! Əgər Qarabağdakı ermənilər bu yoldan istifadə etməyə çalışsalar, əminəm ki, onları heç kim dayandırmayacaq”.
Cənab Prezident çıxışında həmçinin göstərib ki, “Qarabağ erməniləri Azərbaycan vətəndaşlarıdır, azlıqdır. Azərbaycan çoxmillətli ölkədir və Azərbaycanda bütün azlıqlar mədəniyyət, dil, həmçinin təhlükəsizlik də daxil olmaqla, eyni hüquq və üstünlüklərdən faydalanırlar. Biz Qarabağdakı erməni icmasının nümayəndələri ilə praktiki təmaslara başlamağa hazırıq. Bu gün Dövlət katibi Blinkenin qarşısında mən Ermənistandan olan həmkarıma bu barədə dedim. Lakin biz bunu o zaman edə bilərik ki, Rusiya vətəndaşı, cinayətkar oliqarx, Avropada çirkli pulların yuyulmasında əli olan şəxs - Vardanyan bizim ərazimizi tərk etsin”.
İlham Əliyev Qarabağda yaşayan erməni əhalisinin taleyinə bir daha aydınlıq gətirib və bir daha dünyaya, o cümlədən ermənipərəst havadarlara güclü bir mesaj verib. Qarabağda yaşayan ermənilərin hüquqları ölkəmizdə yaşayan digər xalqların nümayəndələri kimi mövcud qanunlarımız tərəfindən qorunacaqdır. Bu məsələ ilə bağlı hər hansı qeyri-konstruktiv təklif yolverilməzdir və bununla baglı manupilyativ oyunlara dərhal son qoyulmalıdır.
İlham Əliyev güclü iradə nümayiş etdirərək bəyan edib ki, heç kim Azərbaycana şərt qoya bilməz, şərti və diktəni yalnız biz, qalib Azərbaycan qoyur.
Vəli Hüseynli Nizami rayonu 61 saylı məktəbin tarix müəllimi