AZ   |   RU
Avropa Parlamentinin "qətnamə" adlı kağız parçası - Ekspertlər qərəzli yanaşmadan danışdılar


Avropa Parlamentinin 18 yanvar tarixində qəbul etdiyi qətnamədə reallıqlardan uzaq, böhtan mahiyyətli bir sıra anti-Azərbaycan xarakterli bəndlər yer alıb. Qətnamədə Azərbaycanın guya Ermənistana hərbi təcavüz etməsi,  Laçın yolunun “blokada”da olması kimi sərsəm iddialarla yanaşı artıq tarixin zibilliyində itib-batmış “Madrid prinsipləri”nə istinadlar edilib. 



Məsələyə dair Missiya.Az-a açıqlama verən politoloq Tural İsmayılov deyib ki, Avropa parlamentinin apardığı müzakirələrin, qəbul etdiyi dırnaqarası qətnamələrin Azərbaycan - Avropa münasibətlərinə təsiri olmayacaq:

"Bu gün Azərbaycan Avropa İttifaqının enerji təhlükəsizliyində mühüm rola malikdir. Avropa Komissiyasının rəhbəri Ursula von der Leyen Bakıya səfərində ölkəmizin rolunu xüsusi qiymətləndirmişdi.

Bu gün Davosda da Cənab prezident İlham Əliyevə xüsusi diqqət  və Azərbaycan dövlətinə hörmətin təzahürlərini gördük. Avropa Parlamentinin apardığı bu müzakirələrin heç bir əhəmiyyəti yoxdur. Çünki qəbul edilən qətnamənin siyasi və hüquqi olaraq çəkisi mövcud deyil. Bu təşkilat birinci dəfə deyil ki, Azərbaycan əleyhinə dırnaqarası qərarlar verir. Onlar buna sanki öyrəşiblər. 

Hesab edirəm ki, Avropa Parlamentinin bu addımları olmayan nüfuzunun daha da zəifləməsi ilə nəticələnəcək”. 



Sözügedən mövzuya siyasi ekspert Turan Rzayev də münasibət bildirdi. Onun sözlərinə görə, Avropa parlamentinin artıq əhəmiyyətini itirən və heç bir mahiyyət daşımayan Madrid prinsiplərini də qeyd etməsi bu qətnamənin bir daha erməni maraqlarına xidmət etdiyini göstərir. Faktiki olaraq qətnamədə irəli sürülən iddialara baxdıqda məlum olur ki,  iddialar birbaşa Avropa parlamentində təmsil olunan və erməni lobbisi və diasporunun maliyyəsi hesabına vəzifəyə gəlmiş deputatların təşəbbüsüdür. Bunu da onlardan diaspora və lobbi istəyib:


“Diqqət etsəniz 30 illlik münaqişə dövründə Azərbaycan ərazilərinin işğal faktı 4 BMT qətnaməsi ilə təsdiqlənməsinə baxmayaraq, Avropa parlamenti bu istiqamətdə bir və yə iki kiçik bəyanat xaricində ciddi bir fakt ortaya qoymayıb. Əslinə qalsa bu Avropa parlamenti və orada təmsil olunan deputatların ikili standartlarından xəbər verir”. 

Rəsmi Bakının nəzərində Avropa parlamentinin həmin dırnaqarası qətnaməsinin sadə kağız parçasından başqa bir şey olmadığını deyən siyasi analitik əlavə edib ki, qurum konstruktiv  yanaşma göstərsəydi və hüquqi baza əsasında danışsaydı biz bu məsələni ciddiyə alardıq:

“Lakin görürük ki, əsassız iddialardan başqa bir şey yoxdur. Xüsusilə Laçın yolunda baş verən aksiyaların mahiyyəti təhrif olunub".


Zərintac MAYİSQIZI
Missiya.Az


  • 19-01-2023, 21:02