AZ   |   RU
Qarabağda yaşayan erməniləri separatçıların girovluğundan necə azad edək?
Ekspert Bakının ehtimal olunan addımlarından danışdı – “Hərbi əməliyyatlar…”

Bir neçə gün öncə Qarabağda yaşayan mülki erməni sakinin Azərbaycan postuna yaxınlaşaraq yardım istəməsi bir daha göstərdi ki, orada yaşayan ermənilər separatçı rejimin yaratdığı fəlakətli vəziyyətdən əziyyət çəkirlər. Əslində Qarabağda yaşayan ermənilər çoxdan dərk etməliydilər ki, onlar çirkli oyunların qurbanlarıdır və xilas yolları ancaq Azərbaycan bayrağı altına sığınmaqdan keçir. Çünki onlar Azərbaycan vətəndaşlarıdır.  

Azərbaycan dövləti Qarabağda separatçı rejimin faktiki olaraq girovluğunda saxlanılan erməni əsilli vətəndaşlarının taleyindən narahatdır. Bu gün onlara separatçı rejim tərəfindən göz görə-görə humanitar fəlakət yaşadılır, mənəvi-psixoloji işgəncə verilir. Çox ehtimal ki, Azərbaycan tərəfi separatçı rejimin siyasi oyunbazlığına və Xankəndidə yaşayan insanları humanitar fəlakətə sürükləməsinə tamaşaçı qalmayacaq. Bu cür hallar rəsmi Bakının sərt və ciddi addımlar atmasına gətirib çıxara bilər. Bəs indiki halda Qarabağda yaşayan vətəndaşlarımızın müdafiəsi, onların girovluqdan azad edilməsi istiqamətində Azərbaycan Dövlətinin hansı addımları ehtimal olunur?

Mövzu ilə bağlı Missiya.Az-a açıqlama verən siyasi ekspert Asif Nərimanlı bildirdi ki, separatçı rejimin erməni əhalisini təzyiq altında saxladığı haqda məlumatlar hətta Ermənistan mediasında da zaman-zaman gündəmə gəlir: 

"Xüsusilə Vardanyanın Qarabağa gəlişindən sonra belə məlumatlar intensivləşib. Ümumilikdə separatçılar erməni əhalinin Azərbaycan cəmiyyətinə inteqrasiya etməsinin qarşısını almaq məqsədilə “casus ovu”nu təşkil edir, ermənilər arasından zaman-zaman kimlərisə “Azərbaycana casusluq” ittihamı ilə həbs edirlər. Bütün bunlar əhalinin gözünü qorxutmaq üçündür. Digər tərəfdən, əllərindəki resurslardan istifadə etməklə nifrət təbliğatı aparır, “biz mübarizə aparacağıq” kimi şüarlarla bütün əhalinin adından çıxış edirlər”. 

Asif Nərimanlı qeyd edib ki, bütün bunlar beynəlxalq hüquqda təsbit olunmuş insan haqlarına ziddir:

"Bu ərazilər beynəlxalq hüquqla da Azərbaycan torpağı sayıldığı üçün orada baş verən qanun pozuntularını dünya ictimaiyyətinə biz çatdırmalıyıq. Azərbaycan Qarabağda insan haqlarının pozulması ilə bağlı faktları toplayaraq, BMT də daxil olmaqla beynəlxalq instansiyalarda qaldıra, heç bir ölkə və təşkilat tərəfindən tanınmayan separatçı-terrorçu rejimin əhaliyə qarşı repressiv siyasətini beynəlxalq gündəliyə daşıya bilər. Bu, xüsusilə erməni əhalisinin səsinin eşidilməsi və onların Bakıya pənah gətirməsinə şərait yaratması baxımından əhəmiyyətlidir. Çünki əhali problemlərini deməyə ünvan tapmır, artıq Ermənistanın Qarabağda iştirakçılığı sıradan çıxıb, Rusiya sülhməramlıları öz maraqlarını düşünür, separatçı rejim isə bütün qanunsuzluqlardan istifadə edir. Belə məqamda Bakının bu məsələləri gündəmdə saxlaması, erməni əhalinin hüquqlarının qorunması istiqamətində işlər görməsi onların inteqrasiyasını da sürətləndirəcək və tədricən separatçı rejimə qarşı etiraz səslərini ucaltmağa başlayacaqlar. İndiki halda isə istəsələr belə etiraz edə bilmirlər, təkcə qorxu altında yaşadıqları üçün yox, həm də üz tutmağa qapılarının olmadığı üçün. Rəsmi Bakı dəfələrlə ermənilərin Azərbaycan vətəndaşı olduğunu ən yüksək səviyyədə dilə gətirib, lakin fikrimcə, bunu onlara hiss etdirmək üçün praktiki addımları da artırmalıyıq".

Ekspert hesab edir ki, erməni əhalisinə qarşı separatçıların təzyiqi, hüquqlarının pozulması məsələsini beynəlxalq gündəliyə bizim daşımamız gələcəkdə Azərbaycan vətəndaşlarının hüquq və təhlükəsizliyinin müdafiəsi məqsədilə bölgədə hərbi addımları da beynəlxalq ictimai rəydə legitimləşdirməyə imkan verəcək: "Azərbaycanın bu hüququ həm ölkə qanunvericiliyində, həm beynəlxalq hüquqda təsbit olunur. Fikrimcə, bu hüququmuzu praktiki mərhələdə legitimləşdirmək istiqamətində işləməliyik”.

Daşqın Həsənov
Missiya.Az


  • 12-01-2023, 12:59