Yunan (politika-dövlət idarəetmə sənəti) və latın mənşəli (pars-hissə) sözlərin birləşməsindən yaranan siyasi partiya anlayışı qədim olduğu qədər də müasirdir.
Hər iki reallıqda siyasi partiya vətəndaşların siyasi iradəsini ifadə etmək üçün yaradılan kollektiv alətdir. Birləşmək azadlığı isə siyasi partiyaların öz fəaliyyətlərində əsas tutduqları əsas prinsipdir. Müasir siyasi həyatın nəbzi bir çox hallarda məhz siyasi partiyaların fəaliyyəti ilə tənzimlənir.
Siyasi sistemin mərkəzi elementi olan partiyalar ilk növbədə dövlətdə siyasi hakimiyyətə malik olmağa can atır, yerli və mərkəzi idaretmə orqanlarında öz nümayəndələri vasitəsilə təmsil olunmaq istəyirlər. Bu reallığı bütün sivil və demokratik dövlətlər qəbul edir və öz fəaliyyətlərində rəhbər prinsip kimi həyata keçirirlər.
Demokratik dünyanın mühüm tərkib hissəsi olan Azərbaycan Respublikası da bu baxımdan istisana təşkil etmir. Ölkəmiz demokratiyaya davamlı proses kimi yanaşaraq onun inkişafı naminə ardıcıl və sistemli addımlar atır, siyasi sistemin daha da təkmilləşməsi məqsədiylə müvafiq islahatlar kursunu həyata keçirir. Xüsusilə 2018-ci ildə cənab İlham Əliyev xalqın mütləq əksəriyyətinin etimadını qazanıb növbəti dəfə prezident seçildikdən sonra hərtərəfli və genişmiqyaslı islahatlar kursu yeni mərhələyə yüksəlmiş oldu. Ölkəmizdə yeni siyasi konfiqurasiya formalaşdı. Siyasi mədəniyyət keyfiyyətcə yeni mərhələyə keçdi. Partiyalararası dialoqun möhkəm təməli qoyuldu və onun inkişaf istiqamətlərinin konturları cızıldı.
Vətən müharibəsində müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə yenilməz ordumuz və “dəmir yumruq”a çevrilmiş xalqımızın əldə etdiyi tarixi qələbə yeni siyasi reallıqlar yaratdi. Bütün bu gerçəkliklər fonunda qanunvericilik sahəsində də siyasi sistemin təkmilləşdirilməsi mənafeyinə xidmət edən addımların atılması tarixi zərurətə çevrildi. Bu yolda ən mühüm addım “Siyasi partiyalar haqqında” yeni qanun layihəsinin hazırlanması oldu. Qanun layihəsinin hazırlanması prosesində dünyanın aparıcı 20 ölkəsinin təcrübəsi və Venesiya komissiyasının siyasi partiyaların fəaliyyətinin tənzimlənməsi üzrə 2010-cu və 2020-ci illərdə qəbul etdiyi tövsiyələri nəzərə alındı.
Venesiya komisiyasının ən mühüm tövsiyələrindən birində qeyd olunur ki, “Siyasi partiyalar haqqında” qanunlar açıq və şəffaf şəkildə qəbul olunmalıdır. Bu məqsədlə qanun layihələrinin geniş ictimai müzakirələri keçirilməlidir”.
Məsələyə bu xüsusda yanaşdıqda qeyd olunmalıdır ki, cari ilin 26 iyul tarixində Milli Məclis rəhbərliyi “Siyasi partiyalar haqqında” yeni qanun layihəsinin hazırlanması məqsədilə təkliflərini təqdim etmək üçün dövlət qeydiyyatına alınmış siyasi partiyalara müraciət etdi. Ötən müddət ərzində 50-yə yaxın siyasi partiya 250-dən çox təkliflərini rəsmi qaydada Milli Məclisə təqdim etdi. Hazırlanmış qanun layihəsi sentyabrın 7-də Milli Məclisin saytında yerləşdirildi. Şəffaflıq maksimum səviyyədə təmin olundu.
Bundan savayı, cari ilin 24 oktyabr və 4 noyabr tarixlərində Milli Məclisdə parlamentdə təmsil olunan və dövlət qeydiyyatından keçmiş bir sıra siyasi partiyaların sədrləri və nümayəndələrinin iştirakı ilə “Siyasi partiyalar haqqında” yeni qanun layihəsi ilə bağlı ictimai dinləmələr keçirildi.
Noyabrın 21-də “Siyasi partiyalar haqqında” qanun layihəsi yeni redaksiyada Milli Məclisin saytında yerləşdirildildi.
Noyabrın 23-də isə Milli Məclisin İctimai birliklər və dini qurumlar, Hüquq siyasəti və dövlət quruculuğu, İnsan hüquqları komitələrinin birgə iclasında “Siyasi partiyalar haqqında” qanunun geniş müzakirəsindən sonra onun “Normativ hüquqi aktlar haqqında” Konstitusiya Qanununun tələblərinə uyğun olduğunu vurğulandı və qanunverici orqanın plenar iclasına çıxarılması ilə bağlı qərar qəbul edildi.
Beləliklə, Milli Məclisin 29 noyabr, 6 dekabr və 16 dekabr tarixli plenar iclaslarında “Siyasi partiyalar haqqında” qanun layihəsi üç oxunuşda qəbul edildi.
Həm geniş ictimai dinləmələr, həm komitələrdə keçirilən müzakirələr və həm də plenar iclaslarda səslənən təkliflər nəzərə alınmaqla “Siyasi partiyalar haqqında” qanun layihəsində çoxsaylı dəyişikliklər həyata keçirildi. Düzəlişlər həm mahiyyət, həm də texniki xarakterli olmuşdur.
Parlamentin plenar iclasları gedişində asağıdakı son dəyişikliklər edildi:
-Yeni qanun layihəsinin 1.1.4-cü və 12.7-ci maddələrində dəyişikliklər baş verdi;
-Siyasi partiya üzvlərindən 5.3, 20.10 maddələrindən identifikasiya tələbi çıxarıldı;
-7.3.2-ci maddəsində digər maddələrlə yaranmış ziddiyəti aradan qaldırmaq məqsədilə alınmış sözü, alınarkən sözü ilə əvəz edildi;
-Həmçinin müzakirə zamanı qərargahın yerləşdirilməsi ifadəsi qərargahla təmin olunması sözləri ilə dəyişdirildi.
Beləliklə, “Siyasi partiyalar haqqında” yeni qanunun qəbul edilməsi VI çağırış Milli Məclisin fəaliyyətinin ən uğurlu və taleyüklü addımlarından biri kimi tarixə düşdü. Bu qanunun qəbul edilməsinin böyük əhəmiyyətini şərtləndirən aşağıdakı məqamları xüsusi olaraq vurğulamaq istərdik.
Birincisi, bu qanunun qəbul edilməsi bir daha təsdiqlədi ki, Azərbaycan Respublikası demokratiyaya davamlı bir proses kimi yanaşır və bu istiqamətdə adrıcıl və sistemli addımlar atır.
İkincisi, Azərbaycanda formalaşmış yeni siyasi konfiqurasiya və siyasi mədəniyyətin bundan sonrakı inkişafı üçün mühüm qanunvericilik bazası formalaşdı.
Üçüncüsü, Azərbaycanda siyasi sistemin dayanıqlığı və partiyalararası dialoqun keyfiyyətcə yeni məznun kəsb etməsi üçün əlverişlı imkanlar pəncərəsi açıldı.
Dördüncüsü, ölkəmizdə siyasi partiyaların yaranması, dövlət qeydiyyatı və formalaşması prosesində keyfiyyət əmsalının həlledici amilə çevrilməsi təmin edildi.
Beşincisi, siyasi partiyalar arasında sağlam siyasi rəqabət mühitinin yaranması, habelə ümummilli məsələlərdə onların vahid mövqedən çıxış etmələri üçün yeni imkanlar və mexanizmlər yaranmış oldu.
Elman Nəsirov
Milli Məclisin Deputati,
Siyasi Elmlər Doktoru