AZ   |   RU
İranla Azərbaycan arasında hərbi münaqişə ola bilərmi? – XTQ kazarmalardan çıxarılıb, Bakı hazırlıq aparır

“Burada diqqətçəkən məqam başqadır. İranın indiyə qədər Azərbaycana qarşı irəli sürdüyü bütün təhdidlərə rəğmən, rəsmi Bakı barışdırıcı mövqe tutur və diplomatik gedişlər edirdi, indi ilk dəfədir ki, hərbi təhdidə qarşı hərbi müstəvidə cavab verilir.
 
Bunu siyasi ekspert Asif Nərimanlı Missiya.Az-a açıqlamasında Azərbaycanın Xüsusi Təyinatlı Qüvvələrinin cənub sərhədlərində keçirdiyi təlimlərin məqsədi barədə danışarkən deyib. 
 
Ekspert hesab edir ki, təlimlərin bir neçə səbəbi var:
 
“Birincisi, İranın mövcud rejimi Azərbaycanın bütün xoşniyyətinə rəğmən təhdid ritorikasından əl çəkmir, əksinə, barışdırıcı, uzalaşdırıcı mövqeni “geriçəkilmə” kimi qəbul edərək, Bakının üzərinə gəlməyə davam edir. İkincisi, İranın Azərbaycan ərazisinə qarşı mümkün müdaxilə perspektividir. 44 günlük müharibədən sonra İranın təhdidləri artan xətt üzrə inkişaf edir. Lakin bu təhdidlərin bölgədəki şərtləri dəyişdirməyəcəyi də məlumdur və bunun fonunda molla rejiminin müdaxilə etməsi ssenarisi də nəzərə alınmalıdır”.
 

Asif Nərimanlı İran rəsmiləri və siyasətçilərinin dilindən səslənən məlum çağırışları  da təsadüfi hesab etmir:
 
“Bakı mümkün təhdidlərə və risklərə qarşı hərbi müstəvidə hazırlıq aparır.

Bu həm də o deməkdir ki, Azərbaycan İranın təhdidləri qarşısında öz maraqları və strateji xəttindən geri çəkilməyəcək. Vətən müharibəsində döyüş sənətini yenidən yazan XTQ-nin kazarmalardan çıxarılması da Araza “körpü atan”lara qarşı adekvat “əzələ nümayişi”dir. İran “Yaşma”nı tanımaq istəyirsə, qardaşı Ermənistandan soruşa bilər”.

Daşqın Həsənov
Missiya.Az


  • 3-11-2022, 17:32