AZ   |   RU
İsraildən gələn mühüm qonaq və İrandan gələn zəng – İlham Əliyevin unikal və dərin gedişləri – ŞƏRH

Ötən gün İsrailin müdafiə naziri Benyamin Qansı ölkəmizə səfərə gəlib. Qonaq dövlət başçısı İlham Əliyev tərəfindən qəbul edilib və iki ölkə arasında uzun illər davam edən hərbi-texniki əməkdaşlıq və bu sahədə perspektivlər barədə fikir mübadiləsi aparılıb. Daha sonra Benyamin Qansı ilə Azərbaycan müdafiə naziri  Zakir Həsənov arasında görüş keçirilib. Görüşdə Azərbaycanla İsrail arasında hərbi, hərbi-texniki sahələrdə əməkdaşlığın inkişaf perspektivləri, müxtəlif ixtisaslı hərbi mütəxəssislər səviyyəsində işçi görüşlərin təşkili, eləcə də qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə olunub. 
 
İsrailin müdafiə nazirinin ölkəmizə səfəri zamanı İran Silahlı Qüvvələrinin baş qərargah rəisi Məhəmməd Hüseyn Baqerinin Zakir Həsənova zəng etməsi diqqət cəlb etməyə bilməz. Görünür bu səfər İran rəsmilərinin narahatlığını artırıb. Baqeri bildiyimiz kimi, bir neçə gün bundan öncə İranda keçirilən hərbi parad zamanı Azərbaycanı təhdid edərək bildirmişdi ki, Ermənistan-Azərbaycan sərhədində dəyişiklik olcağı təqdirdə Tehran sakit oturmayacaq.
 
İran İsrail-Azərbaycan əlaqələrinin dərin inkişafından narahat olduğunu heç vaxt gizlətməyib. Tehran Bakının Tel-Əvivlə münasibətləri inkişafını özünə təhlükə hesab edib.  İki ölkə arasında münasibətləri və əlaqələrin inkişafı istiqamətində atılan addımları aqressiv reaksiyalarla qarşılayan rəsmi Tehran özünün Ermənistanla dostluq əlaqlərininin hansı mətləblərə söykəndiyinə heç vaxt aydınlıq gətirməyib.  Azərbaycanın torpaqları işğal altında olduğu illərdə İran bir çox hallarda Ermənistana yardımlar göstərib, işğalçı dövlətin məngənədə sıxılmaması üçün hər cür dəstək göstərib. 44 günlük Vətən Müharibəsində də İran Qarabağdakı terrorçuları və oradakı erməni əhalisini yemləmək, eləcə də Ermənistan ordusunu silahlandırmaq üçün əlindən gələni əsirgəmədi. Azərbaycan isə öz haqlı davasında yanında İranın “sionist” dediyi dövləti gördü. İran bu gün də özünün qərəzli və məkrli siyasətindən əl çəkmir. Ən azı Zəngəzur dəhlizi məsələsində nümayiş etdirdiyi davranış bunu sübutudur. 
 
Tehranı narahat edən amillərdəm biri də İsrailin İranı hər tərəfdən “mühasirəyə alması” ilə bağlıdır. İsrail İranın çevrəsində olan ölkələrdən Azərbaycan, Türkiyə, Oman, Bəhreyn və Birləşmiş Ərəb Əmirlikləri ilə əlaqələrini inkişaf etdirməyə çalışır. Bu isə İranı narahat etməyə bilməz.  Hətta bu gün İranda davam edən ixtişaşları Tehran rəsmiləri İsrail və Amerikaya bağlayırlar. Öz daxili problemlərini çözə bilməyən İran, bu amildən istifadə edərək bir növ öz günahlarını hansısa xarici qüvvələrə bağlamağa çalışır.
 
İrsail-Türkiyə münasibətlərindən söz düşmüşkən, burada Azərbaycan Prezidenti İlham Əliyevin iki ölkə arasında münasibətlərin yenidən qurulmasında önəmli rol oynadığını qeyd edə bilərik. İlham Əliyev hətta çıxışlarında da bildirmişdi ki, biz İsrail ilə dost, Türkiyə ilə qardaş ölkəyik. Bu gün Ankara ilə Tel-Əviv arasında münasibətlər get-gedə dərinləşməyə doğru gedir. Bir müddət öncə İsrail prezidenti İsaak Hersok Türkiyəyə səfər etdi. Bu səfərdən sonra isə İsrail Türkiyədə öz səfirini təyin etdi. Türkiyə KİV-lərində yayılan xəbərlərə görə, Ərdoğan da İsrailə səfər etməyi planlaşdırır. Bütün bunlar isə İranı daha çox narahat etməyə başlayıb. Hədə-qorxu “janrında” dilə gətirilən fikirlər getdikcə daha da çoxalır. Çox ehtimal ki, İran bundan sonra daha çox bizim nəbzimizi yoxlamağa çalışacaq. Lakin Tehran rejimi fərqində deyil ki, bu gün Azərbaycan 90-cı illərin əvvəlindəki səviyyədə deyil. Bu gün Azərbaycan qüdrətli və təminatlı ölkə kimi dünya siyasətində öz mövqeyi ilə seçilir. Dostlarımızın sırası getdikcə daha da genişlənir. Buraya Avropanın əsas enerji təminatçısından birinə çevrilməyimiz faktını da əlavə etsək, İranın qarşısında boylu-buxunlu və kifayət qədər ciddi təsir rıçaqlarına malik DƏMİR YUMLUQLU ölkə dayandığını görə bilərik. Dövlətimizin başçısı da Zəngilanda Dövlət Sərhəd Xidmətinin Zastavasının açılış mərasimində İsrail istehsalı olan haropun başına “sığal” çəkməklə BÖYÜK MESAJLAR verəcək qədər dərin adamdır. Əlbəttə, onun unikal siyasi gedişləri dostları heyran, düşmənləri isə narahat etməyə bilməz. 
 
İsrailin müdafiə naziri Benyamin Qansın ölkəmizə səfərini Missiya.Az-a şərh edən ehtiyyatda olan mayor, hərbi ekspert Natiq Əlisoy hesab edir ki, sözügedən səfəri qeyri-adi bir hadisə kimi qarşılanmamalıdır.
 
“Azərbaycan İsarillə hərbi əməkdaşlıq mövzusunda əlaqələrini get-gedə daha dainkişaf etdirir. Buna missal olaraq Ölkəmizin İsraildən aldığı və dünyanın ən müasir Hava Hücumundan Müdafiə sistemləri olan “Barak-8” və “Dəmir Günbəz”i misal göstərə bilərik. Görüşlərdə konkret olaraq hansı məsələlərin müzakirə olunduğunu detallı şəkildə deyə bilmərik. Hələlik yalnız onu deyə bilərik ki, Benyamin Qansın ölkəmizə səfəri hərbi əməkdaşlıq mövzusunda yeni perespektivli layihələrin müzakirəsi və bu xüsusda danışıqların aparılması ilə bağlı ola bilər” – deyə, ekspert bildirib. 
 
Daşqın Həsənov
Missiya.Az


  • 4-10-2022, 18:27