Rusiya prezidenti Vladimir Putin Rusiyada qismən səfərbərlik elan edib.
Missiya.Az haberglobal.com-a istinadən xəbər verir ki, Putin xalqa müraciətində: “Məqsədimiz Donbası azad etməkdir” - deyə bildirib. Rusiya liderinin bəyənatına görə, orduya yalnız ehtiyatda, müəyyən hərbi səriştəsi və təcrübəsi olan vətəndaşlar qəbul ediləcək. Çağırışçılar qoşunlara göndərilməzdən əvvəl xüsusi hərbi əməliyyatlar təcrübəsi nəzərə alınmaqla əlavə hərbi hazırlıq keçməlidirlər. Səfərbərlik zamanı hərbi xidmətdən yayınmaya görə cəza 5 ildən 10 ilə qaldırılıb.
Qeyd edək ki, Vladimir Putin çıxışında bir sıra digər məsələlərə də toxunub. “Qərbin məqsədi Rusiyanı zəiflətmək, parçalamaq və məhv etməkdir. Açıq deyirlər ki, 1991-ci ildə SSRİ-ni parçalaya bildik və indi Rusiyanı parçalamaq vaxtıdır. İstanbulda danışıqlar zamanı Kiyev bizim tələblərimizə müsbət cavab verdi. Amma görünən odur ki, bu razılaşma Qərbin xoşuna gəlməyib. Bizim məqsədimiz Donbası azad etməkdir”, - deyə, Putin vurğulayıb. Rusiya prezidenti, habelə Donbas, Zaporojya və Xersonda keçiriləcək referendumlarda veriləcək qərarı dəstəkləyəcəyini də qeyd edib.
Zərintac MAYİSQIZI
Missiya.Az