AZ   |   RU
Azərbaycan güləşçisi: "Atamın nəticəsini təkrarlamaq istəyirəm"

"Finala çıxmaq istəyirdim. Çox güclü rəqibləri keçdim. Açığı, buna özüm də inanmırdım. Amma işlədim, əziyyət çəkdim və yarımfinaladək gəldim".

Missiya.Az
Report-a istinadən xəbər verir ki, bunu Serbiyanın paytaxtı Belqraddakı dünya çempionatında bürünc medal qazanan Azərbaycanın yunan-Roma güləşçisi Arif Niftullayev deyib.

97 kq-da çıxış edən idmançı çox ağır görüşlər keçirdiyini bildirib: "İlk qarşılaşmada bu il Avropa üçüncüsü olmuş avstriyalı Daniel Qastlla üz-üzə gəldim. Sonrakı iki görüşdəki rəqiblərim də dünya və Avropa mükafatçıları idi. Yarımfinalda bolqarıstanlı Avropa çempionu Kiril Milenov Milovla qarşılaşdım. Ona qalib gələ bilərdim. Sadəcə, bir az özümə inanmadım. Üçüncü yer uğrunda mübarizədə məğlub etdiyim İtaliya təmsilçisi Nikolos Kakelaşvili Avropa çempionatının ikiqat bürünc medalçısı və dünya çempionatının mükafatçısıdır, çox güclü rəqiblərdən biridir. Sevindirici haldır ki, üçüncü yerə çıxdım. Bu, karyeramda ən böyük nəticəmdir".

Atası Arif Niftullayevin Azərbaycanın ilk dünya çempionu olduğunu xatırladan güləşçi onun nəticəsini təkrarlamaq istədiyini söyləyib: "Ən azı 97 kq-da ilk dünya çempionu olmaq istərdim. Gələn il həm Avropa və dünya çempionatında qızıl medal qazanmağa çalışacağam".

25 yaşlı güləşçi qələbəni emosional şəkildə qeyd etməsinin səbəbini də açıqlayıb: "Məni dəstəkləyən ailəm var. Qardaşım Daxili İşlər Nazirliyinin əməkdaşıdır. Bütün iş yoldaşları mənə azarkeşik edirdilər. Bütün yaxınlarım bu günü gözləyirdilər".

O, bütün görüşlərini daim hücumda keçirdiyini söyləyib: "Bürünc medal mənim üçün qızıla bərabərdir. Bu çəkidə Azərbaycanın medalı yox idi. İlkə imza atdığım üçün sevinirəm. Qarşıdakı dünya və Avropa çempionatlarında əyarı qızıla çevirmək niyyətindəyəm. Daha sonra isə Paris-2024 Yay Olimpiya Oyunları gəlir. Orada da medal qazanmaq istəyirəm".





  • 12-09-2022, 23:40