Hüquqi aktların vahid elektron bazası”nın (E-qanun.az) mobil versiyasının tətbiqi barədə ictimai təqdimat keçirilib.
Missiya.Az xəbər verir ki, tədbirdə Ədliyyə Nazirliyi, İnsan hüquqları və ictimaiyyətlə əlaqələr idarəsinin rəisi Aynur Sabitova çıxış edib.
"Hörmətli tədbir iştirakçıları, Hər birinizi salamlayıram, yay tətilindən qayıtdıqdan sonra yenidən sizləri görmək olduqca xoşdur. Bugünkü tədbirimiz hər birimiz üçün əhəmiyyətli olan və gündəlik işimizdə daha tez-tez bəhrələndiyimiz milli qanunvericilik bazasının – e-qanun.az saytının mobil tətbiqinin ictimai təqdimatına həsr olunmuşdur."
"Ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə respublikamızda aparılan genişmiqyaslı islahatlar ictimai münasibətlərin bütün sahələrini əhatə etməklə yeni mühüm qanunların, fərmanların, strategiyaların və digər hüquqi aktların qəbul olunması ilə müşayiət olunur. Bu gün deyə bilərik ki, milli qanunvericiliyimiz dinamik inkişaf edir və Ədliyyə Nazirliyi də qanunvericilik bazasının təkmilləşdirilməsi prosesində daim fəal iştirak edir, əhalinin hüquqi biliklərinin artırılması və qanunvericilikdəki yeniliklərlə bağlı məlumatlılığın təmin olunması məqsədilə hüquqi aktların vahid elektron bazasını aparır. On minlərlə normativ sənədi ehtiva edən e-qanun.az elektron resursu interaktiv rejimdə fəaliyyət göstərir və daim yenilənir. İl ərzində ondan bəhrələnənlərin sayı yüz minlərlə ölçülür. Nazirlik innovasiyaların tətbiqinə, dövlət xidmətlərinin məsafədən və mobil qurğular vasitəsilə təşkilinə hər zaman xüsusi önəm verir. Bununla əlaqədar Ədliyyə Nazirliyinin təşəbbüsü ilə bu yaxınlarda Şuşa şəhərində keçirilmiş məhkəmə-hüquq islahatlarının mütərrəqi nəticələrinə dair konfransda ölkə Prezidentinin tapşırıqlarına uyğun olaraq qarşıda duran yeni, xüsusilə azad edilmiş ərazilərimizdə ədliyyə və məhkəmə fəaliyyətinin bərpası, o cümlədən bu sahədə xidmətlərin əlçatanlığının təmin olunması ilə bağlı vəzifələr müzakirə olunmuş, tədbirlər müəyyən edilmişdir".Bu yaxınlarda ədliyyə işçiləri Ağalı kəndində olaraq innovativ texnoloji dəstək əsasında sakinlərə səyyar xidmətlər göstərmişlər. Nazirlik tərəfindən ədliyyə və məhkəmə xidmətlərinin elektronlaşdırılması, o cümlədən mobil tətbiqlər üzərindən göstərilməsi məsələlərinə daim xüsusi önəm verilir. 400 minə yaxın istifadəçisi olan və vətəndaş məmnunluğu doğuran “Mobil notariat” tətbiqinin cəmiyyətimizdə populyarlığı hər kəsə məlumdur. “E-qanun” mobil tətbiqi də normativ aktlara çevik və daha rahat şəkildə əlçatanlığı təmin edir. İstifadəsi çox asandır. İstənilən yerdə, istənilən vaxt qanunvericilik aktının mətni ilə ani rejimdə tanış olmaq, əldə etmək mümkündür. Tətbiq telefona asanlıqla yüklənir, müxtəlif platformalar üzərindən heç bir qeydiyyat tələb olunmadan yükləyib ondan yararlanmaq olar.
Leyla SƏMƏNDƏR
Missiya.Az