AZ   |   RU
Ermənistanda hərbi xidmətlə bağlı narazılıqlar artmaqdadır-varlılar yayınır, kasıblar xidmət edir

“Hərbi vəzifə və hərbi qulluqçunun statusu haqqında” Qanuna dəyişiklik edilməsi ilə bağlı təklif cəmiyyətdə birmənalı qarşılanmayıb.
 Dəyişikliyə əsasən hərbi xidmətə yollananlar gənc əsgər hazırlığı dövrünü (təxminən 4,5 ay) başa vurduqdan sonra büdcəyə 24 milyon dram (təxminən 60 min dollar) ödəməklə mülki həyata qayıda biləcək.


Bununla bağlı erməni cəmiyyətində “Kimin pulu varsa ordudan tərxis olunsun”, “Bu cəmiyyətdə təbəqələşmədir”, “Kəndlinin uşağı ağır xidmət keçməlidir ki, varlının oğlu qulluq etməsin” kimi fikirlər səsləndirilib.

Missiya.Az “Hraparak” nəşrinə istinadla xəbər verir ki, erməni hərbi ekspertlər, müstəqil politoloq və jurnalistlər, müxtəlif siyasi partiyaların nümayəndələri yeni dəyişikliyin cəmiyyətdə təbəqələşməni artıracağını, varlıların xidmətdən rahatlıqla yayınacağını və yenə də kasıb erməni övladlarının çətin şəraitdə hərbi xidmət keçəcəyini vurğulayıblar.

Bununla bağlı bir müddət əvvəl jurnalistlərlə söhbətində “Hayastan” fraksiyasının deputatı Artur Xaçatryan deyib: “Hakimiyyət deyirdi ki, ordu döyüşə qadir olmalıdır, indi də deyirlər ki, kimin pulu varsa, ordudan qurtula bilər və ordu fəhlə-kəndli ordusuna çevriləcək. Kimin pulu varsa, üstünlüyü olacaq, kimin yoxdursa, gedib varlılara xidmət etsin. Bu cəmiyyətin təbəqələşməsidir”.

“Şərəfim var” fraksiyasının deputatı Tiqran Abramyan öz Facebook səhifəsində Müdafiə Nazirliyinin yaydığı qanun layihəsinə istinad edərək yazır:
“Bu yazı o insanlar üçündür ki, 24 milyon dram ödəməklə və 4,5 aylıq xidmət müddətini məhdudlaşdırmaqla mühacirət və vətəndaşlıq dəyişikliyi ilə bağlı məsələlərin həll olunduğunu düşünürlər. Ölkəni tərk edən və ya vətəndaşlığını dəyişənlərin əsas qorxusu müxtəlif tarixlərdə və mümkün döyüş əməliyyatlarında olan toplanışlardır ki, bu zaman ehtiyatda olanlar hərbi xidmətə çağırılırlar.24 milyon dram ödəməyə hazır olan insanlar bunula həm məcburi hərbi xidmət müddətini 19,5 ay qısaltmağı, həm də heç vaxt toplanışlarda və ya hərbi əməliyyatlarda iştirak etməməyi tələb edirlər. Amma görünən odur ki, bu mühacirətə və başqa ölkənin vətəndaşlığını almağa mane olmayacaq. Hazırkı hakimiyyətin isə belə bir problemi həll etməyə nə iradəsi, nə də gücü var.”

Mövzu ətrafında danışan hərbi ekspert Karen Vrtanesyan bildirib ki, “Fəhlənin, fermerin və ya nə bilim, sürücünün övladı ağır döyüş şəraitində onsuz da iki saatdan az yatmalıdır. Ona görə də stress və ya qərar qəbul etmək baxımından kasıbın övladı vaxtında həyatına təhlükə yaradan nəyinsə fərqinə varmaya bilər. Varlıya nə var ki, pulu var deyə varlının oğlu qulluq etməməlidir.Bu çox vacib məsələdir ki, bu bizim ölkədir və biz hamımız onun müdafiəsində iştirak etməliyik. Başqa sözlə, bu çox pis mesajdır."
Erməni prodüser Ruben Mxitaryan dəyişikliyə bu cür yanaşıb: “Son seçkilərdən sonra Nikol mesajlarında erməniləri “Ermənistan Respublikasının fəxri vətəndaşları” adlandırmağı dayandırıb. Bütün bunlar da məhz bundan sonra başladı.”
Görünən odur ki, dağılmış orduda islahatlar aparmaq və büdcəyə əlavə gəlir gətirmək üçün Ermənistan hakimiyyətinin dəyişiklik cəhdi vətəndaşlar arasında fikir ayrılığını və varlı-kasıb münasibətlərini daha da dərinləşdirib.

Nəriman Sultanoğlu
Missiya.Az


  • 26-08-2022, 16:07