AZ   |   RU
“Rusiya kodu vermədiyi üçün “İskəndər – M” partlamayıb” – Putinin yaxın adamı danışdı

Rusiya prezidenti Vladimir Putinin etibarlı adamı hesab olunan, politoloq Sergey Markov "İskəndər–M" raketlərinin ermənilərin əlinə necə keçməsi və niyə partlamadığı barədə mümkün versiyaları səsləndirib. 

Missiya.Az xəbər verir ki, o, bu haqda “Caucasian Bureau” teleqram kanalının suallarını cavablandırarkən danışıb. 

Sergey Markov söhbət zamanı İkinci Qarabağ Müharibəsində "İskəndər" raketlərindən istifadə edildiyini deyib.

Sitat: “Məncə "İskəndər"lə zərbə endirilib. Çünki, Nikol Paşinyan özü bir müddət öncə şikayət edirdi ki, müharibədə istifadə olunan "İskəndər"lər partlamayıb. Hər halda Paşinyan, Ermənistanın baş naziridir və ona "İskəndər"lərin atılması barədə məlumat verilib. O ki qaldı, raketlərin partlamamasına, bu ona görə baş verib ki, raket atılanda Rusiya ilə razılaşdırılmayıb. Çünki raketin partlaması üçün xüsusi kod lazım olur. Bu kod raketi istifadə etmək istəyənlərdə olmayıb. Və yaxud Rusiya tərəfi bu kodu verməyib. Çünki Rusiyanın raketin istifadə olunacağından xəbəri olmayıb", - sitatın sonu. 

Politoloq bildirib ki, Ermənistan tərəfi "İskəndər" raketindən Azərbaycanı qorxutmaq məqsədi ilə istifadə edib.

Sitat: "İskəndər" çox nəhəng partlayıcı qurğudur. Təsəvvür edin, "İskəndər"in mərmisinin çəkisi 450 kqdır. Hansı ki, raket yerdə yox, səmada partlayır. Partlasaydı, təxminən 2 hektar ərazini məhv etməli idi. Bu baş verməyib. Yerə sadəcə ağır çəkili boş mərmi zərbəsi dəyib. Beləliklə, zərbə Ermənistan tərəfinin Azərbaycanı qorxutmaq məqsədi ilə endirilib".

Sergey Markov ixracı qadağan olunan "İskəndər-M" raketinin Ermənistanın əlinə necə keçməsi ilə bağlı sensassion versiya səsləndirib.

Sitat: "Müharibədə "İskəndər"dən istifadə heç bir halda Rusiya ilə razılaşdırıla bilməzdi. Ortaya çıxan başqa bir sual - istifadə olunan "İskəndər"in E yoxsa M olmasıdır. Raketin qalıqları onu deməyə əsas verir ki, bu "İskəndər M"-dir. Hansı ki, Rusiyadan Ermənistana  ixrac olunmayıb. Burada anlaşılmayan məqamlar çoxdur. Ola bilsin ki, idxal zamanı texnikanı səhv salıblar. İndi səsləndirəcəyim digər versiya fantastik ssenariyə bənzəyə bilər amma bu bir iddiadır. Düşünürəm ki, bəlkə hər hansı varlı erməni diasporu Rusiyanın bazalarından birindən həqiqətən bu raketi alıb və zərbə endirməyə qərar verib. Bu fantastikadır. Amma istisna deyil. Çünki hamımız bilirik ki, hələ 1992-ci ildə erməni diasporu Sovet İttifaqının tənəzzülündən sonra Rusiyanın orada yerləşən hərbi bazalarının fəaliyyətini məhz pulla ələ alaraq idarə edirdi. O hərbi bazalar Rusiyanın tərkibində hesab olunsalar da, Sovetlərin dağılmasından istifadə edib hakimiyyətə tabe olmayan hərbi qüvvələr idi. Dəhşətli Xocalı soyqırımı da həmin hərbi hissələrin əli ilə çox böyük məbləğdə pul  müqabilində törədilmişdi", - sitatın sonu. 

Lamiyə Rövşənqızı
Missiya.Az


  • 22-04-2021, 16:49