Milli Məclisin sədr müavini Adil Əliyev müsavat.com-a verdiyi müsahibəsində son zamanlar cəmiyyətdə müzakirələrə səbəb olan mövzulara münasibət bildirib. Bəzi qüvvələrin Vətən Müharibəsi veteranları, qazilər üzərindən dövlətə və hakimiyyətə qarşı qarayaxma kampaniyası həyata keçirməsindən, dövlətin böyük şücaət göstərərək 30 illik həsrətə son qoyan qəhrəmanlarına olan diqqətinə kölgə salmağa çalışan qüvvələrin olduğunu bildirən vitse-spiker, ölkənin mürəkkəb dövrdən keçdiyini vurğulayıb. O,eyni zamanda 3-cü Qarabağ müharibəsinin başlaması ehtimalı qarşısında dövlətin apardığı siyasətin dəstəklənməli olduğunu qeyd edib.Adil Əliyevin bu açıqlaması ictimai-siyasi arenada maraqla qarşılanıb. Yeni bir müharibənin olacağı ehtimalı haqda xəbərlər əhali arasında da geniş rezonans doğurub.
Vitse-spikerin dediyi kimi, yeni müharibə ehtimalı nə dərəcədə realdır? Bu müharibə baş verdiyi təqdirdə hansı əraziləri əhatə edə bilər? Milli Məclisin sədr müavini Adil Əliyevin yeni müharibə anonsu ilə bağlı açıqlmaları haqda suallarımızı ekspertə ünvanladıq.
Mövzu ilə bağlı
Missiya.Az-a danışan hərbi ekspert Üzeyir Cəfərov bunları dedi:
“Geniş mənada yeni bir müharibənin olması yaxın müddətdə mümkün görünmür. Ancaq lokal xarakterli anti-terror əməliyyatları qaçılmazdır. Hesab edirəm ki, bölgədə həlledici müharibə artıq bitib və tarixin yaddaşına köçüb. Ermənistanın da tədricən öz ağalarından ayrılma və Türkiyə ilə münasibətlərdəki buzların əriməsi istiqamətində addımlar atması münaqişənin yekununu yaxın edəcək. Lakin hiyləgər düşmənin əvvəlki mövqelərində qalması əməliyyatları qaçılmaz edəcək”.Ötən həftə prezident İlham Əliyevin bu ilin
6 ayının yekunlarına həsr edilmiş müşavisədə səsləndirdiyi fikirlərə diqqət çəkən ekspert, Ali Baş Komandanın ilk dəfə tam çılpaqlığı ilə Rusiya sülhməramlılarının işini tənqid etdiyini vurğuladı.
“Qələbəmizdən xeyli müddət keçməsinə baxmayaraq azad edilmiş ərazilərimizdə müvəqqəti olaraq yerləşdirilmiş Rusiya sülhməramlı kontingenti hələ də öz birbaşa vəzifələrini yerinə yetirmirlər. Ermənistanın kapitulyasiyasını rəsmiləşdirən 10 noyabr sənədinin müddəaları hələ də tam yerinə yetirilməyib. Rusiya Müdafiə Nazirliyinin rəsmilərinin ikitərəfli görüşlərdə qeyri-qanuni erməni silahlılarının iyun ayına kimi çıxarılacağını söz verdiyini bildirən prezident İlham Əliyev, bu günə kimi bu sözün tutulmadığını bildirib. Ali Baş Komandanın səsləndirdiyi bu fikirlər həm son dövrlər daha da azğınlaşmış ermənilərə, həm də onların münaqişənin uzanmasında maraqlı olan havadarlarına açıq mesajdır”.Ekspert bildirib ki, Azərbaycan Silahlı Qüvvələri istənilən əməliyyatın icrasına hazırdır və qadirdir:
“Şanlı qələbəmizdən sonra Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə işğaldan azad edilmiş ərazilərdə hərbi infrastrukturların - hərbi hissələrin, DSX-nın sərhəd zastavalarının, dayaq məntəqələrinin tikilib istifadəyə verilməsi, bundan əlavə ilk dəfə “Komando” birliklərinin yaradılması, o cümlədən müdafiə sənayesinin daha da təkmilləşdirilməsi ordunun döyüş hazırlığının artırılmasına yönəlib. Bütün bu imkanlar potensial əməliyyatların uğurla yerinə yetirilməsi, erməni tör-töküntülərinin torpaqlarımızdan çıxarılması üçün kifayət edir”.Teymur AslanovMissiya.Az