AZ   |   RU
"Mehriban xanım Əliyeva xalqa xidmətin ən yaxşı nümunələrini yaradır" - Ramin Əhmədov


“Mehriban xanım Əliyevanın Azərbaycan Respublikasının Birinci Vitse-prezidenti vəzifəsinə təyin edilməsindən 4 il ötdü. Tərəddüdsüz deyə bilərik ki, Mehriban xanım Əliyeva cənab Prezidentin etimadını doğrultdu, xalqa və dövlətə xidmətin ən yaxşı nümunələrini yaratdı. Mehriban xanım Əliyeva mədəni irsimizin təbliği, humanitar siyasətin təkmilləşdirilməsi, idarəçiliyin yeni modelinin yaradılması, innovasiyalardan istifadə və onların işlək mexanizmlərə çevrilməsi istiqamətində nümunələr yaratmaqla yanaşı, həm də xalqın yanında olmaq, vətəndaşlara doğma və səmimi münasibət göstərmək, cəmiyyəti narahat edən problemlərin həllini öz üzərinə götürmək kimi çoxşaxəli fəaliyyəti ilə də seçilir”.

Missiya.Az
xəbər verir ki, bu sözləri Yeni Azərbaycan Partiyası Nizami rayon Təşkilatının sədr müavini, Missiya Media Qrupun rəhbəri Ramin Əhmədov özünün Facebook səhifəsində yazıb. 

YAP rəsmisi Mehriban xanım Əliyevanın həm Birinci Vitse-prezident, həm də Heydər Əliyev Fonudunun rəhbəri kimi sosial sahədə həyata keçirdiyi layihələrə diqqət yönəldərək onun şəhid və qazi ailələrinin həyat şəraitinin yaxşılaşdırılması yönündə atdığı addımlardan söz açıb: “Mehriban xanım Əliyeva Birinci vitse-prezident vəzifəsinə təyin olunduğu gün ötən dövr ərzində gördüyü işlər barədə məlumat verərəkdən demişdi ki, biz 13 il müddətində ayrı-ayrı insanların problemlərinə heç zaman biganə qalmamışıq. O bildirmişdi ki, insanlarla ünsiyyətdə olmaq, onları dinləmək və eşitmək, köməyə ehtiyacı olana kömək etmək, mənəvi dəstək vermək, Heydər Əliyev Fondunun hər bir əməkdaşının birbaşa vəzifəsidir. Mehriban xanım Əliyeva əminliklə bildirmişdi ki, gələcək fəaliyyətini məhz bu prinsiplər əsasında qurmağa çalışacaq. Ölkəmizin və xalqımızın maraqlarını hər şeydən üstün tutacağını, Azərbaycana layiqincə xidmət etməyə çalışacağını bəyan etmişdi. Azərbaycan xalqı görür ki, Mehriban xanım Birinci Vitse-prezident təyin olunduğu gün etdiyi çıxışda səsləndirdiyi fikirlərin hamısını yerinə yetirir”.


Səhhətində problem olan yüzlərlə uşağın, gəncin, əhıl vətəndaşlarımızın Mehriban xanım Əliyevanın vasitəsi ilə müalicə olunduğunu deyən Ramin Əhmədov, həm koronavirusun tüğyan etdiyi dövrdə, həm də Vətən Müharibəsi zamanı Mehriban xanımın təşəbbüsü ilə irimiqyaslı yardım kampaniyalarının təşkil edilməsindən də söz açıb: “Heydər Əliyev Fondunun təşəbbüsü ilə “Regional İnkişaf” İctimai Birliyi tərəfindən koronavirusla mübarizə dövründə 100 minədək ailəyə yardım edildi. Bundan başqa, Heydər Əliyev Fondu və “Bravo” supermarketlər şəbəkəsi işğaldan azad olunmuş ərazilərdə hərbi qulluqçularımız üçün dəstək aksiyasına başladı. Bu aksiyaların hamısı Mehriban Əliyevanın təşəbbüsü və birbaşa rəhbərliyi ilə həyata keçirilib. Azərbaycan xalqı Mehriban Əliyevanın bütün təşəbbüslərini təqdir edir və onu dəstəkləyir”.



Ramin Əhmədov qeyd edib ki, Mehriban xanım Əliyevanın bütün fəaliyyəti yalnız xalqa xidmət amalına söykənir: “Mehriban xanım Əliyevanın beynəlxalq səviyyədə həyata keçirdiyi böyük layihələr, Azərbaycan həqiqətlərinin təbliği yönündə həyata keçirdiyi nəhəng proqramlar heç şübhəsiz ki, ölkəmizin dünya müstəvisində mövqelərinin və müsbət imicinin möhkəmlənməsində böyük rol oynayır. Sosial sahə, humanitar istiqamət, idman və mədəni tədbirlər, ekoloji proqramlar, tarixi irsimizin qorunması və gələcək nəsillərə ötürülməsi, gənc istedadlara və intellektual gənclərə dəstək verilməsi və sairə kimi məsələlər bu gün Mehriban xanım Əliyevanın fəaliyyətində əsas yer tuturlar. Azərbaycan xalqı bunu görür və yüksək qiymətləndirir.  Xalq möhtərəm Prezidentimiz İlham Əliyevin və onun ən yaxın silahdaşı Mehriban xanım Əliyevanın Azərbaycanı daha da inkişaf etdirmək, təminatlı gələcəyə aparmaq üçün hansı əzmkarlıqla əmək sərf etdiklərini, milli dəyərlərimizin qorunması, xalqa və onun maraqlarına xidmət göstərilməsi xüsusunda ardıcıl və prinsipial siyasət yürüdüldüyünü də aydın şəkildə müşahidə edir. Bugünkü birliyimiz, xalqın dövlətə və Prezidentə olan sarsılmaz inamı da elə bu siyasətin nəticəsidir. Əminliklə deyə bilərik ki, bu siyasət ölkəmizi daha böyük uğurlara, daha böyük qələbələrə aparacaq”.  

Missiya.Az

  • 22-02-2021, 17:33