AZ   |   RU
Zelenski Rusiya neftinə görə Almaniya və Macarıstanı qınadı - Ukrayna prezidenti BBC-yə daha nələr deyib?

Ukrayna prezidenti Vladimir Zelenski Rusiya neftini almağa davam edən Avropa ölkələrini “pullarını başqalarının qanı ilə qazanmaqda” ittiham edib.

 Missiya.Az
xəbər verir ki, Prezident Zelenski BBC-yə müsahibəsində Almaniya və Macarıstanı Rusiyanın enerji satışına embarqo qoyulması səylərini əngəlləməkdə günahlandırıb.

Rusiyaya qarşı bəzi sanksiyaları dəstəkləyən, lakin indiyədək neft satışı ilə bağlı daha sərt addımların atılması çağırışlarına müqavimət göstərən Berlin,  Ukrayna hökumətini  bu mövzuda məyus etməkdədir.

Cənab Zelenski cümə axşamı Kiyevdəki qərargahından BBC-yə belə deyib: "Bəzi dostlarımız və tərəfdaşlarımız başa düşürlər ki, indi fərqli zamandır. Bu, artıq biznes və pul məsələsi deyil,  bu, sağ qalmaq məsələsidir.

"Prezident həmçinin Ukraynaya daha çox silah tədarük edilməsi çağırışlarını təkrar edərək, Rusiyanın hücumunu dəf etmək üçün daha tez zamanda  təchizat təminatının vacibliyini vurğulayıb.

“ABŞ, Böyük Britaniya, bəzi Avropa ölkələri - onlar bizə kömək etməyə çalışırlar və kömək edirlər. Ancaq yenə də bizə daha tez, daha tez və daha tez lazımdır. Əsas söz indidir." Rusiya qoşunları son həftələrdə Ukraynanın paytaxtı Kiyev ətrafından və ölkənin digər mərkəzi və şimal bölgələrindən geri çəkilib - görünür, Rusiya bütün Ukraynanı güc yolu ilə ələ keçirmək cəhdindən əl çəkib.

Ancaq indi ölkənin şərqində və cənubunda qanlı və uzun sürən münaqişə qorxuları var, çünki Rusiya prezidenti Vladimir Putin daha çox ərazi ələ keçirmək üçün hərbi kampaniyasını yenidən oraya yönəldir.

Prezident Putin üçün strateji hədəf olan  cənub liman şəhəri Mariupol, artıq həftələrdir, Rusiya artilleriyasının bombardmanları nəticəsində viran qalıb.

Prezident Zelenski BBC-yə deyib ki, o, Mariopulda  on minlərlə insanın öldürüldüyünü düşünür.

“Bizdə də məlumat var ki, şəhərdə on minlərlə ölü var,  çoxu  yoxa çıxıb. Biz bilirik ki, onların sənədləri dəyişdirilib, Rusiya pasportları verilib və Rusiyanın dərinliklərinə aparılıblar. Bəziləri düşərgələrə, bəziləri başqa şəhərlərə sürgün edilib. O insanların başına nə gəldiyini heç kim bilmir. Neçə nəfərin öldürüldüyünü heç kim bilmir".

Rusiya 2014-cü ildə Krımı ilhaq etdikdən sonra daha çox ərazini qəsb etməyə cəhd etdiyi üçün Ukrayna indi şərqdə və cənubda yenidən hücumla üz-üzədir.

Prezident Zelenski ölkənin şərqində hazırda Ukrayna silahlı qüvvələri üçün ən çətin vəziyyətin yaşandığını, lakin ən güclü bölmələrinin burada cəmləşdiyini söyləyib.

"Onlar bizi məhv edə bilərlər, amma biz cavab verəcəyik! Öldürə bilərlər, amma öləcəklər" deyib. Mən başa düşə bilmirəm – onların nə üçün gəldiklərini başa düşə bilmirəm." – deyə Zelenski bildirib.

  • 14-04-2022, 21:46