Bakda Novruz bayramı geniş və coşqu ilə qeyd edilir. Bu münasibətlə paytaxtın bütün rayonlarında bayram şənlikləri və konsert proqramları təşkil edilib.Missiya.Az xəbər verir ki, Bakı Şəhər İcra Hakimiyyətinin Mətbuat Xidmətindən verilən məlumata görə, bayram günlərində mövcud olan soyuq və buludlu havaya baxmayaraq, şənliklər öz kütləviliyi ilə seçilib.
Novruz bayramı paytaxtın Nərimanov rayonunda populyar ifaçıların iştirakı ilə möhtəşəm konsert proqramı və parlaq atəşfəşanlıqla qeyd olunub.
Tədbirdə bildirilib ki, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin və qəhrəman ordumuzun sayəsində Azərbaycan xalqı artıq ikinci ildir ki, Novruz bayramını qalib xalq kimi qürur hissi ilə qeyd edir.
Nizami rayonunda əsas bayram tədbirləri Heydər Əliyev parkında keçirilib. Kulminasiya nöqtəsi tanınmış ifaçıların və yaradıcı kollektivlərin iştirakı ilə konsert və rəngarəng atəşfəşanlıq olub. Burada da qeyd edilib ki, Novruz bayramının dövlət və milli səviyyədə keçirilməsi ənənəsi ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Sovetlər dönəmində milli bayramlar, o cümlədən Novruz bayramı qadağan edilmişdi. Hazırda ölkəmizin Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın səyləri nəticəsində Novruz bayramı UNESCO-nun Qeyri-Maddi Mədəni İrs Siyahısına daxil edilib.
Yasamal rayonunda bayram şənliyi Hüseyn Cavid parkında baş tutub. Rayon sakinləri üçün konsert, həmçinin rəqs kollektivlərinin və Novruzun ənənəvi personajlarının iştirakı ilə müxtəlif proqramlar təşkil olunub. Kosa, Keçəl tamaşaçılar tərəfindən böyük coşqu ilə qarşılanıb.
Rayon ictimaiyyəti, şəhid ailələri üzvləri, qazilər, ziyalılar və gənclər əmək kollektivləri üzləri sevimli bayramlarını Bakının Nəsimi rayonundakı Zorge parkında ürəkdən qeyd ediblər. Bayram şənliyində tanınmış incəsənət ustaları çıxış edib, rayonun mədəniyyət ocaqlarının bədii özfəaliyyət kollektivləri xalqımızın adət-ənənələrini, qədim el sənətlərini nümayiş etdiriblər.
Qaradağ rayonunda Lökbatan qəsəbəsində də bayram konserti təşkil edilib. Bayram tonqalı alovlandırılıb. Tədbirlərdə rayon sakinləri, şəhid ailələrinin üzvləri və müharibə veteranları, rayon ictimaiyyəti iştirak ediblər.
Suraxanı, Xəzər, Xətai, Sabunçu və Binəqədi rayonlarında da təntənəli bayram tədbirləri, el şənlikləri keçirilib. Ənənəvi el bayramında səslənən təbriklərdə Vətən Müharibəsində qazandığımız Müzəffər Ali Baş Komandanın dahi sərkərdəliyi ilə Azərbaycan əsgərlərinin qazandıqları Tarixi Qələbədən söz açılıb. Vurğulanıb ki, məhz onların sayəsində indi Şuşada, Ağdamda, Kəlbəcərdə və Azərbaycanın işğaldan azad edilmiş digər şəhər və kəndlərində ənənəvi Novruz tonqalları yandırılır, onların zəfər işığında işğalın qaranlığı həmişəlik dağıdılır.