
Səudiyyə Ərəbistanının Azərbaycandakı səfirliyi ölkəsinin milli bayramı - krallıq elan olunması günü münasibəti ilə qəbul təşkil edib.
Missiya.Az "APA"ya istinadən xəbər verir ki, hər iki ölkənin Dövlət himnləri səsləndirildikdən sonra Səudiyyə Ərəbistanı Krallığının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri İssam bin Saleh Əl-Cüteyli çıxış edib.
Səudiyyə Ərəbistanı-Azərbaycan tarixi əlaqələrində müxtəlif sahələr üzrə mühüm inkişafın olduğunu bildirən səfir son zamanlar əməkdaşlığin daha geniş vüsət aldığını vurğulayıb. Dövlətlər arasında əməkdaşlığın inkişafında ölkə liderlərinin əlaqələrinin mühüm rol oynadığını vurğulayan səfir bu əməkdaşlığı daha yüksək səviyyəyə çatdırmaq üçün imkanların olduğunu qeyd edib.
Daha sonra Baş nazirin müavini Samir Şərifov çıxış edərək Azərbaycan Prezidentinin və Hökumətinin Səudiyyə Ərəbistanı xalqına səmimi təbriklərini çatdırıb. Samir Şərifov bildirib ki, iki ölkə arasında əlaqələr qarşılıqlı hörmət və İslam irsinə söykənir, xalqlarımız bir-birinə tarixi, dini və mədəni köklərlə bağlıdır.
Samir Şərifov qeyd edib ki, ölkələrimizin istər ikitərəfli, istərsə də beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığı yüksək səviyyədədir.
Azərbaycan və Səudiyyə Ərəbistanının iqtisadi, siyasi, kənd təsərrüfatı, turizm, investisiya və digər sahələrdə sıx əməkdaşlıq etdiyini bildirən Şərifov bu işdə iqtisadi əməkdaşlıq üzrə müştərək komissiyanın rolunu xüsusi vurğulayıb
Tədbir bədii hissə ilə başa çatıb.